Paşinyanın istefasını tələb edən baş həkim işdən qovuldu

 Paşinyanın istefasını tələb edən baş həkim işdən qovuldu
  19 Fevral 2021    Oxunub:2058
Ermənistanda baş həkim siyasi fikirlərinə görə işdən qovulub.
Azvision.az xəbər verir ki, Vanadzor 3 saylı poliklinikasının rəhbəri Artak Edoyan Paşinyanın istefasını tələb etdiyi üçün işdən çıxarılıb.

Edoyan yerli mediaya açıqlamasında məlumatı təsdiqləyib: “İşdə oturmuşdum, zəng edib dedilər ki, səni işdən çıxarıblar. Qubernator Aram Xaçatryandan soruşuram ki, işdən çıxarılmağımın səbəbi nədir? Cavab verdi ki, səbəb yoxdur, belə istədim. Artıq vəkillərlə danışmışam. Çünki səbəbsiz işdən azad edilmişəm. Partiya mövqeyim də yoxdur".

Yeni təyin olunmuş qubernator Aram Xaçatryan Edoyandan niyə Paşinyana qarşı çıxdığını soruşub. O, həmçinin sual edib ki, baş həkim əvvəlki hökumətin dövründə belə siyasi fikirlər söyləyə bilərdimi?

Edoyan qubernatoru məhkəməyə verəcəyini deyib. O, artıq vəkillər və hüquq müdafiəçiləri ilə razılığa gəlib. “Poliklinika siyasətdən kənar bir quruluşdur və poliklinika rəhbərləri də siyasətdən kənar insanlardılar. Onlar şəxsi fikirlərini hər yerdə və hər zaman ifadə etmək hüququna malikdir. Məhkəməyə müraciət edəcəyəm", - deyə o bildirib.

Xatırladaq ki, Ermənistanın tibb ictimaiyyətinin nümayəndələri ölkədəki fəlakətli duruma məsul olan baş nazir Nikol Paşinyanın istefasını tələb edən bəyanat yaymışdı.

Tural Tağıyev
Azvision.az


Teqlər:





Xəbər lenti