Saray plana əsasən düzbucaqlı formada tikilib. Kompleksin ətrafı mühafizə divarları, dairəvi və yarımsilindrik formalı nəzarətçi qüllələri ilə əhatə olunub. Divarların hündürlüyü 7 metr, qüllələrin hündürlüyü 8,5 metr olub. Kompleksin girişi Şərq divarının mərkəzindən qoyulub. Girişin ətrafında bayırdan ikimərtəbəli qülləyəbənzər tikinti mövcud olub. Şahbulaq saray kompleksinin şimal-qərbində, bulağın yaxınlığında kiçik ibadət zalından və külafirəngidən ibarət çox da böyük olmayan bir məscid də inşa edilib.
Ermənilər 1993-cü ildə Ağdamın işğalından sonra digər tarixi abidələrimiz kimi Şahbulaq qalasını da özünkiləşdirməyə çalışıblar. Qalada olduğumuz zamanı bunun əyani şəkildə şahidi olduq. Belə ki, ermənilər füsunkar təbiətə malik ərazidə yerləşən Şahbulaq qalasından qazanc məqsədilə istifadə ediblər. Qalaya turistlərin qanunsuz səfərləri təşkil olunub. Bunu orada gördüyümüz giriş biletləri də təsdiqləyir.
Anar Kəlbiyev
Foto: Şahin Sərdarov
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


