“Din öz mahiyyətindən uzaqlaşdırılaraq sürətlə siyasiləşdirilir”

“Din öz mahiyyətindən uzaqlaşdırılaraq sürətlə siyasiləşdirilir”
  19 Fevral 2021    Oxunub:1906
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini (DQİDK) Səyavuş Heydərov fevralın 18-də Özbəkistanda “Radikalizm, ekstremizm və terrorizmlə mübarizədə gənclərin rolu” mövzusunda keçirilən beynəlxalq videokonfransda iştirak edib.
Komitənin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, BMT, ATƏT, Avropa İttifaqı və digər təşkilatların, eləcə də dünyanın bir çox ölkəsinin dövlət qurumlarının nümayəndələrinin, ekspertlərin də qatıldıqları tədbirdə DQİDK sədrinin müavini “Terrorizm, ekstremizm və radikalizmin qarşısının alınması və mübarizə sahəsində beynəlxalq əməkdaşlıqla bağlı əsas vəzifə və prioritetlərin müəyyən edilməsi” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, terrorizmin səbəbləri arasında dindən siyasi məqsədlərlə istifadə edilməsi xüsusi çəkiyə malikdir. Bu gün din öz mahiyyətindən uzaqlaşdırılaraq sürətlə siyasiləşdirilir və bunda bəzi qüvvələrin öz maraqlarını təmin etmək üçün dindən vasitə kimi istifadə etməsi böyük rol oynayır.

Bu prosesin ağır nəticələri İslam dünyasında müşahidə edilməkdədir. Terrorizm, ekstremizm və silahlı münaqişələrə görə bəzi müsəlman ölkələrində dövlətin idarəetmə mexanizmləri iflasa uğrayıb, ərazi bütövlükləri de-fakto pozulub. Səyavuş Heydərov vurğulayıb ki, belə hadisələrin mənfi təsiri İslam dünyası ilə məhdudlaşmır. Qaçqınların Avropa və digər ölkələrə axın etməsi nəticəsində bəzi dövlətlərdə radikal millətçi ünsürlər bu prosesdə din amilini qabardaraq, ondan siyasi məqsədlər üçün istifadə edirlər. Nəticədə cəmiyyətdə ksenofobiya, xüsusilə də islamofobiya meyilləri güclənir.

Çıxışında belə mənfi təzahürlərin qarşısının alınması yollarına toxunan sədr müavini dinin siyasi məqsədlər naminə istifadə edilməsinin qarşısının alınması, dinlər və mədəniyyətlər arasında dialoq ənənələrinin qorunmasının, inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb. Qeyd edib ki, terrorizm, ekstremizm və radikalizmin qarşısını almağın yolu din haqqında anlayışların müasir dövrün tələblərinə və çağırışlarına uyğun yenilənməsindən keçir. Dinin sabit, dəyişilməz prinsiplərini əsrlərboyu adət-ənənələrdən gələrək dinə hopmuş, dini hökmlər kimi insanlara sırınmağa çalışılan xüsusiyyətlərdən ayırd etmək vacibdir. Əks təqdirdə, bu, dini şüurun qapanmasına, nəticədə ekstremizm və terrorizmin başlanğıcı olan fanatiklik və radikallığa yol açır.

Eyni zamanda, müasir gəncliyin əsas informasiya mənbəyi olan internet resurslarında ekstremist, terrorist və radikal qrupların fəaliyyətinin məhdudlaşdırılması istiqamətində müvafiq mexanizmlərin və standartların müəyyənləşdirilməsinə ehtiyacın olduğu, bu sahədə beynəlxalq hüquqi normanın düzgün müəyyənləşdirilməsinin sülhə böyük töhfə verəcəyi vurğulanıb.

Səyavuş Heydərov, həmçinin 30 ildən çoxdur ki, ölkəmizin erməni vandalizminin, terrorizminin, ekstremizminin qurbanı olduğunu, Ermənistan tərəfinin təcavüzkar siyasətini və əməllərini gizlətmək üçün bu müharibəyə dini don geyindirməyə çalışdığını, onu müsəlman-xristian münaqişəsi kimi təqdim etməyə, o cümlədən xristian dinini siyasiləşdirməyə cəhd göstərdiyini bildirib. Qısa müddət ərzində zəfər qazanan Azərbaycan dövlətinin səyləri nəticəsində bu siyasətin iflasa uğradığı diqqətə çatdırılıb.

Sonda komitə rəsmisi belə bir aktual mövzuya həsr olunmuş konfransa dəvətə görə təşəkkürünü bildirib, hər bir dövlətin terrorizm, ekstremizm və radikalizmə qarşı mübarizəyə öz maraqları çərçivəsində deyil, insanpərvərlik və ümumbəşəri dəyərlərin qorunması kontekstində yanaşmasının əhəmiyyətinə diqqət çəkib.

Azvision.az


Teqlər: Komitə  





Xəbər lenti