Karantin dövründə 700-dən çox şəxs işinə qaytarılıb

 Karantin dövründə 700-dən çox şəxs işinə qaytarılıb
  20 Fevral 2021    Oxunub:3725
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə vətəndaşlar tərəfindən ərizə formasında daxil olan 10 102 müraciət araşdırılaraq cavablandırılıb. Vətəndaşlar əsasən emal, tikinti, topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, ictimai iaşə və s. sahələrdə əmək münasibətləri ilə bağlı müraciət ediblər. Müraciətlərin araşdırılması zamanı 955 halda əmək qanunvericiliyinin tələblərinin yerinə yetirilməməsi faktı aşkar edilib.
Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi Aynur Osmanqızı deyib. O bildirib ki, aşkar edilmiş hüquq pozuntularının aradan qaldırılması üçün Xidmət tərəfindən qanunvericiliyə uyğun tədbirlər görülüb, həmçinin işəgötürənlərə əmək qanunvericiliyinin müvafiq məsələlərlə bağlı tələblərinə dair ətraflı məlumatlar verilib.

"Həmçinin Xidmət tərəfindən 2020-ci ildə vətəndaş müraciətlərinin araşdırılması zamanı işəgötürənlər tərəfindən 224 min manat məbləğində sosial ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən olunub. Görülən tədbirlər nəticəsində həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib. Ödənilən vəsaitin 94,2%-i əmək haqları, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, eləcə də zərərə görə ödəmələr olub.

Həmçinin xüsusi karantin rejimi dövründə iş yerlərinin qorunmasına elektron sistem üzərindən ciddi nəzarət həyata keçirilib. Əmək müqavilələrinə qanunvericiliyin tələblərinə zidd olaraq, habelə ciddi səbəblər olmadan xitam verilməsi halları ilə əlaqədar müvafiq işəgötürənlərlə sosial dialoq qurulub. Onlarla müvafiq izahat işləri aparılıb. Habelə sosial məsuliyyət prinsiplərinin yüksək tutulması, məşğulluq məsələlərinə həssaslıqla yanaşılması tövsiyə olunub.

Bu sahədə görülən tədbirlər nəticəsində Dövlət Əmək Müfəttişliyi Xidməti xüsusi karantin rejimi dövründə əmək müqaviləsinə xitam verilmiş 700-dən çox işçinin yenidən işinə bərpasını təmin edib".

Aytən Zəhra
Azvision.az


Teqlər: DƏM  





Xəbər lenti