Tramp “Twitter”ə qayıtmayacağını bəyan etdi

  20 Fevral 2021    Oxunub : 1554
 Tramp “Twitter”ə qayıtmayacağını bəyan etdi
ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Twitter” mikrobloq şəbəkəsini darıxdırıcı adlandırıb.
Azvision.az xəbər verir ki, sabiq lider "Newsmax TV"yə müsahibəsində sosial şəbəkənin əvvəlki kimi olmadığını və ora dönməyəcəyini söyləyib.

Tramp deyib: “Twitter”də nələrin baş verdiyini izləyirsiniz, mənə çox darıxdırıcı gəlir və milyonlarla insan onu tərk edir. Əvvəlki kimi olmadığı üçün ayrılırlar və bunu başa düşürəm".

Keçmiş prezidentə görə, sosial şəbəkə ona qarşı kampaniya aparıb, tvitlərinin əleyhinə müxtəlif addımlar atıb və bu, utancvericidir.

"Twitter”ə qayıtmaq istəmirik", - deyən Tramp öz veb saytını yaratmaq seçimindən bəhs edib.

"Bizə çox dəstək var. Hələ danışmaq istəmirəm, amma dəstək çox böyükdür. Sorğunun nəticələrinə baxıram, çox yüksəkdir", - Tramp 2024-cü ildə prezidentliyə namizəd olub-olmayacağı barədə suala cavabında bildirib.

Onun sözlərinə görə, impiçment hadisəsindən sonra dəstək səviyyəsi yalnız artıb.

Xatırladaq ki, "Twitter” yanvar ayında Trampın 88 milyondan çox izləyicisi olan hesabını bloklayıb. Bu, 6 yanvar tarixindən sonra, respublikaçıların tərəfdarlarının ABŞ Konqresində demokrat Co Baydenin prezident seçkilərindəki nəticələrini təsdiqlənməsi zamanı binaya hücum etməsinin ardınca baş verib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: DonaldTramp