Dövlət Komitəsindən intihar edən qızla bağlı açıqlama

  21 Fevral 2021    Oxunub : 5119
 Dövlət Komitəsindən intihar edən qızla bağlı  açıqlama
Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Bakı şəhərində gənc qızın çoxmərtəbəli binanın 20-ci mərtəbəsindən özünü ataraq intihar etməsi ilə bağlı yayılan məlumatlardan dərhal sonra Dövlət Komitəsi aidiyyəti qurumlarla əlaqə saxlayıb və öz səlahiyyətləri çərçivəsində məsələni diqqətdə saxlayır.
Azvision.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

"Çox təəssüf ki, qeyd olunan hadisə hüquq-mühafizə orqanları tərəfindən təsdiq edilib və qeyd edilib ki, aparılan ilkin istintaq araşdırmalarından sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

Dövlət Komitəsi son vaxtlar müxtəlif səbəblərdən ölkəmizdə intihar hallarının artmasından dərin narahatlığını ifadə edərək, vətəndaşlardan ağır nəticələr verə biləcək hallarla rastlaşdıqda, yaxud zorakılığa məruz qalmış şəxslərlə bağlı hər hansı bir məlumat əldə etdikdə dərhal 7 gün 24 saat fəaliyyət göstərən 860 Qaynar Xəttə müraciət etmələrini xahiş edir", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, 20 yaşlı Sevil Atakişiyeva fevralın 19-da Bakının Xətai rayonunda yerləşən çoxmərtəbəli binanın 20-ci mərtəbəsindən özünü ataraq intihar edib.

Azvision.az

Teqlər: Komitə   İntihar