Ermənistan minalanmış ərazilərin xəritəsini niyə vermir? - ŞƏRH

 Ermənistan minalanmış ərazilərin xəritəsini niyə vermir? -  ŞƏRH
  22 Fevral 2021    Oxunub:5571
Müharibələr tarixinin ən acınacaqlı statistikalarından biri mülki şəxslərin minalardan əziyyət çəkməsidir. Yaxın keçmişə nəzər salsaq, Birinci Qarabağ müharibəsindən tutmuş, Balkan savaşı, Əfqanıstan və İraq, Suriya müharibələrində minlərlə dinc sakinin hərbi məqsədlər üçün basdırılmış minaların qurbanı olduğunu görə bilərik.
Beynəlxalq təcrübəyə əsasən, münaqişələr bitdikdən sonra əksər hallarda minalı sahələrin xəritələri qarşı tərəfə təqdim edilir ki, gələcəkdə mülki əhali bundan zərər görməsin. Ermənistan isə 30 ilə yaxın müddətdə işğalda saxladığı Azərbaycan torpaqlarının minalanmış xəritələrini nəinki təhvil vermir, hətta bu ərazilərdə hər yeri, hərbi təyinatı olmayan torpaqları belə minalayıb. Təbii ki, burada məqsəd mümkün qədər çoxlu sayda mülki şəxslərin həlak olmasıdır. Əslində isə postmüharibə dövründə əldə olan minalı sahələrin xəritəsinin təqdim edilməməsi bu ərazilərə sakinlərin qayıdışını çətinləşdirməyə, uzatmağa, onların ölüm təhlükəsinin artmasına yönəlmiş hərbi cinayət sayıla bilər.



Məsələni Azvision.az -a şərh edən hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyir ki, beynəlxalq konvensiyalarda bu məsələ ilə bağlı müəyyən boşluqlar var. Minalanmış sahələrlə əlaqəli təzyiq mexanizmi olmadığı üçün qarşı tərəf arxayın davranaraq humanist addım atmır:

“1997-ci ildə “Piyadalar Əleyhinə Minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan edilməsi və onların məhv olunması” haqqında Konvensiya qəbul edilib. 2017-ci ilə kimi bu konvensiyaya 163 dövlət qoşuldu. Lakin burada postmüharibə dövründə minalanmış ərazilərin xəritələrinin təqdim edilməsi və ya hansısa cəza mexanizmləri nəzərdə tutulmayıb. Konkret olaraq bizimlə hələ də düşmənçilik aparan Ermənistan hərbi təyinatı olmayan əraziləri də minalayıb. Ümumiyyətlə bu ölkə Birinci Qarabağ müharibəsi və atəşkəs dövründə bütün hərbi cinayətləri törətməyi bacarmışdı. Müharibə edən, münaqişədə olan dövlətlər arasında sonda sülh müqaviləsi bağlanır. Beləcə, hər iki tərəf öz minalanmış sahəsini təmizləyir. Bu, bir beynəlxalq yanaşmadır, konvensiya da bunu tələb edir. Amma bizim düşmənlərimiz fərqlidir. 30 il ərzində Ermənistanın hərbi-siyasi rəhbərlikləri törətmədiyi vəhşilik, vandalizm aktları qalmadı. Soyqırımına qədər əl atdılar. Onlardan indi hansısa humanist yanaşma gözləmək də düzgün deyil”.



Şair Ramaldanov bildirib ki, Ermənistan indiyə kimi Azərbaycanla sülh müqaviləsi bağlamayıb. Sadəcə Azərbaycan qələbə qazanıb, ərazi bütövlüyünü bərpa edib deyə, hazırda yalnız qarşı tərəflə dövlət sərhədlərinin əvvəlki qaydada müəyyənləşdirilməsi prosesləri davam etdirilir. Kapitulyasiya aktına imza ataraq biabırçı məğlubiyyətlə barışan İrəvan çətin ki, bizə hansısa normal xəritəni təqdim etsin.

“Onlar həmişə istəyiblər ki, azərbaycanlılardan çoxlu sayda itki olsun. İstər işğal zamanı, istərsə də 44 günlük Vətən müharibəsindən sonra işğalçılar bizə qarşı kin-küdurətindən geri qalmadılar. Elə bilirsiniz ki, İrəvanda rəsmi Bakının dağılmış infrastrukturu tez bir zamanda bərpa etməsini istəyirlər? Təbii ki, ermənilər yüz minlərlə yerli azərbaycanlının dədə-baba yurduna asan şəkildə qayıtmasında maraqlı deyillər. Yəni onlar əvvəlki 30 ildə necə qatı düşmənçilik mövqeyi sərgiləyirdilərsə, indi də o mövqelərini davam etdirirlər. Ona görə də faşist düşüncəsində olan düşməndən nəyisə gözləmək sadəlövhlük olar. Digər tərəfdən, məsələyə professionalcasına yanaşsaq, qarşı tərəfdən hansısa xəritə bizə təqdim edilsə belə, buna inanmaq olmaz. Çünki 90-cı illərdə xeyli minalanmış sahələr oldu, atəşkəs dövründə isə bu işlər daha da genişləndirildi. İndi o xəritələrin nə qədər real olması, onların işlənməsi zamanı bu sənədləri hazırlayanların nə qədər professional olması da şübhə altındadır. Yəni belə məsələlər də sual doğurur. Nəhayət, onlar hazır sənədlər versələr belə, bizdən buna kimsə etibar edərmi? Heç kim. Çünki belə bir xəritə tapılıb verilsə də, orada göstəriləcək ki, filan yerlər minalanmış sahələrdir, digər yerlər isə yox. Biz deyilən əraziləri təmizləyəcəyik. Başqa minalı sahə kimi göstərilməyən istiqamətlərdə isə təhlükənin olub-olmamasına heç kim zəmanət verə bilməyəcək...

Hesab edirəm ki, əhalimizin təhlükəsizliyi məsələləri, o cümlədən minalı ərazilərin təmizlənməsi bizim öz işimiz olmalıdır, kimsənin verdiyi xəritəyə etibar etməməliyik. Erməni hələ də bizim dostumuz sayılmır. Bizə düşmən kimi baxan yaralı, ordusunun 90 faizi məhv edilmiş bir dövlət Azərbaycanın qələbəsini hələ də həzm edə bilmir. Revanşizm ideyaları isə yüksəlməkdədir. Yəni revanşizm ideyalar ilə yaşayanlar bu mövzuda humanist addım atmayacaqlar. Təəssüf ki, məsələyə beynəlxalq hüquq normaları çərçivəsində baxsaq, hansısa bir təzyiq mexanizmini tapa bilmirik. Olsa belə, indiyə kimi BMT-nin məlum 4 qətnaməsini işə salmayan dünya bu işə də bir qol qoymazdı. Zatən elə bir beynəlxalq qanun pozuntusu, hərbi cinayət yox idi ki, ermənilər onu törətməsinlər. Bu da onlardan biridir. Biz gərək özümüz başımızın çarəsinə baxmalıyıq və xalqımız da hələlik verilən məsləhət və qadağalara həssas yanaşmalıdır”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Mina   Ramaldanov   Xəritə   Qarabağ  





Xəbər lenti