“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Azvision.az-a dünyada peyvənd məsələləri üzərindən varlı və kasıb ölkələr arasında müəyyən siyasi proseslərin getməsini şərh edib. O bildirib ki, peyvəndlərin istehsal gücü artdıqca, vaksinlər kasıb ölkələrə də çatdırılacaq. Hindistan isə vaksin istehsalında Çini üstələyəcək.
“Hindistanın baş naziri Narendra Modi hələ keçən il Cənub Asiya Ölkələri Assosiasiyasına üzv ölkələrin (Hindistan, Pakistan, Əfqanıstan, Butan, Maldiv, Nepal, Şir-Lanka) liderləri ilə keçirdiyi videokonfransda pandemiya ilə mübarizədə tərəfdaşları əməkdaşlığa çağırmışdı. Dünya əhalisinin 20 faizinin Cənubi Asiya Ölkələri Assosiasiyasına üzv ölkələrində yaşadığını nəzərə alaraq bu çağırışı əhəmiyyətli saymaq olar. Maraqlıdır ki, Pakistanla Hindistan arasındakı gərgin münasibətlərə baxmayaraq, videokonfransda onların təmsilçisi də iştirak edirdi. Birgə mübarizə çağırışı edilən zaman koronavirus bu bölgədə hələ ölüm saçmırdı, ötən ilin bu vaxtı 150 nəfərin xəstəliyə yoluxduğu və iki nəfərin öldüyü bildirilirdi. Ancaq aylar keçdikcə vəziyyət dəyişdi və Cənubi Asiyada yoluxanlarla ölənlərin sayı sürətlə artmağa başladı. Cənubi Asiya bölgəsinin bir sıra ölkəsinin resursları da yoxdur ki, virusla effektiv mübarizə apara bilsin. Bu vəziyyətdə Hindistan qonşu ölkələrə yardım edəcəyini bildirdi. Dehli koronavirusla birgə mübarizə fonduna 10 milyard dollar ayıracağını vurğuladı. Bu fondun imkanlarından Cənubu Asiya ölkələri istifadə edə bilərdilər”.
Cənub Asiya Ölkələri Assosiasiyasına üzv ölkələr arasında növbəti videokonfransın bir neçə gün əvvəl keçirildiyini xatırladan politoloq Hindistanın artıq bir neçə peyvəndinin olduğunu və bunları müxtəlif ölkələrə və təşkilatlara göndərdiyini deyib:
“Misal üçün, Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar BMT sülhməramlıları üçün 200 min vaksin göndərdiyini açıqlayıb. Bundan başqa Hindistanın vaksini 25 ölkəyə göndərilib və 49 ölkəyə də təqdim ediləcək. Əslində Rusiyanın icad etdiyi “Spitnik V” peyvəndinin tərkibində Hindistanın dərman zavodlarında istehsal edilən kimyəvi elementlər var. Bəllidir ki, dünya dərman istehsalının və dərmanlar üçün lazımi maddələrin böyük hissəsi Hindistanın payına düşür. Buna görə də Rusiya bu il “Sputnik V” peyvəndinin böyük hissəsini Hindistanda istehsalına qərar verib. Həqiqətən əgər peyvənd üçün əsas kimyəvi maddələr Hindistandan alınırsa, ən yaxşısı elə peyvəndin də həmin ölkədə kütləvi istehsalını təmin etməkdir. Beləliklə, yaxın aylarda Rusiya yüz milyonlarla peyvəndi məhz Hindistanda istehsal edəcək.
Hindistan Rusiya ilə münasibətləri gərgin olan Ukraynanı da unutmayıb. Ukraynanın səhiyyə naziri Maksim Stepanovun sözlərinə görə, Hindistan bu ölkəyə artıq milyon yarım vaksin preparatı göndərib. Vaksinlər təyyarələrlə Hindistanın Mumay şəhərindən İstanbula, oradan da Kiyevə çatdırılıb. Vaksin istehsalında Hindistanın bir çox ölkəni üstələyəcəyini beynəlxalq təşkilatlar da təsdiqləyir. Müxtəlif hesablamalara görə, bu ölkə yalnız 2021-ci ildə 3.5 milyard peyvənd istehsal edəcək. Bu, o deməkdir ki, Hindistan istehsalı olan vaksinlərdən üçüncü ölkələr də yararlana biləcək. Hindistan istehsalı olan vaksinlərin qiymətinin də digərləri ilə müqayisədə ucuz olacağı və ünvanlara çatdırılacağı da asan başa gələcək”.
Tural Tağıyev
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


