“Oğlum, sizi çox sevirəm, məni bağışla” - Fərmanın intihar məktubu

 “Oğlum, sizi çox sevirəm, məni bağışla” -  Fərmanın intihar məktubu
  23 Fevral 2021    Oxunub:15559
“Fərman oğluna məktub yazandan sonra özünü asıb. Meyitini qonşu aşkarlayaraq polisə məlumat verib”.

Bunu Azvision.az -a Daşkəsən rayonu, Qabaqtəpə bələdiyyəsinin sədri Məhəmməd Cəfərov Vətən Müharibəsi iştirakçısı Fərman Həsənovun intihar etməsindən danışarkən deyib.
Bələdiyyə sədrinin sözlərinə görə, Pirverdilər kənd sakini olan 1990-cı il təvəllüdlü F. Həsənov döyüşlərə könüllü qatılıb və dekabr ayında tərxis olunaraq rayona geri dönüb.

“Könüllü kimi Kəlbəcərdə döyüşmüşdü, iki ay bundan öncə sağ-salamat evinə qayıtdı. Qazi deyildi. Çoxuşaqlı ailədə böyümüşdü. Anası rəhmətə gedib, atası digər qardaşının yanında qalır. Fərman müharibəyə qədər yoldaşı ilə birgə Gəncədə yaşayan qaynanasının yanında qalırdı. İki azyaşlı övladı, bir qızı, bir oğlu var. Döyüşdən qayıtdıqdan sonra öz atasının evinə yerləşdi. Bir az içkiyə meyilli idi. Məndə olan məlumata əsasən, içəndə ailələrində problem yaranırmış. Amma sakit təbiətli, mərifətli oğlan idi.

Qonşuların dediklərinə görə, yoldaşı 2-3 gün öncə uşaqlarını və özünü həkimə göstərmək adı ilə Gəncəyə gedib. Fərman intihardan öncə oğlunun adına məktub yazıb. Orada “Oğlum, sizi çox sevirəm, məni bağışla” , - deyə bildirib. Ondan sonra ata evində artırmada özünü asıb. Qonşu səhər tezdən onlara gedəndə evdə heç kimin olmadığını və oğlanın özünü asdığını görüb. Bu barədə dərhal polisə məlumat verib. Onun axşam və ya tezdən intihar etdiyini bilmirik. Bu gün günorta saatlarında dəfn olundu. Qardaşları hansısa səbəbdən həyat yoldaşı və qaynanasını onun dəfninə buraxmadılar. Polis hadisəni araşdırır. İntiharın psixoloji vəziyyətlə və ya ailə daxili məsələlərlə əlaqəsi aşkara çıxacaq”.

Qeyd edək ki, hadisə Daşkəsən rayonunun Pirverdilər kəndində baş verib. Kənd sakini, Vətən Müharibəsi iştirakçısı 1990-cı il təvəllüdlü Həsənov Fərman Fərhad oğlu yaşadığı evdə özünü asaraq intihar edib.

O, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdu.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İntihar   Döyüşçü   Daşkəsən  





Xəbər lenti