“Azərbaycan qardaş Türkiyənin dəstəyinin şahidi oldu” - Ceyhun Bayramov

   “Azərbaycan qardaş Türkiyənin dəstəyinin şahidi oldu” -    Ceyhun Bayramov
  24 Fevral 2021    Oxunub:3061
44 gün davam edən Vətən müharibəsi dövründə Azərbaycan qardaş Türkiyənin siyasi və mənəvi dəstəyinin şahidi oldu.
Azvision.az xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ankarada keçirilən üçtərəfli görüşdən sonra bildirib.

XİN vətəndaşlara xəbərdarlıq etdi: Ora getməyin!
XİN rəhbəri Ankarada həm ikitərəfli, həm də üçtərəfli formatda önəmli müzakirələrin aparıldığını diqqətə çatdırıb. Nazir deyib ki, Azərbaycan-Türkiyə ikitərəfli münasibətləri bütün sahələrdə ən yüksək səviyyədə inkişaf edir: "Dövlət başçılarımızın rəhbərliyi ilə əlaqələrimizin daha da genişləndirilməsi istiqamətində mühüm addımlar atılır".

Ötən il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanata əsasən, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başladığını söyləyən nazir regionda dayanıqlı sülhün təmin olunmasında Türkiyənin rolunu xüsusi vurğulayıb.

XİN rəhbəri, həmçinin bildirib ki, Türkiyənin işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində və bərpa-quruculuq işlərində iştirakı, hər zaman olduğu kimi Azərbaycanın yanında olması ölkələrimiz arasındakı münasibətlərin göstəricisidir.

C.Bayramov, eyni zamanda görüşdə Azərbaycan və Türkiyənin iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat layihələri barədə fikir mübadiləsinin aparıldığını vurğulayıb, fevralın 19-da İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyanın iclasının keçirilməsinin, protokolun imzalanmasının əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinə mühüm töhfə verəcəyindən əminliyini ifadə edib.

Azərbaycanın xarici işlər naziri onu da bildirib ki, üçtərəfli formatda keçirilən görüşdə qarşılıqlı maraq doğurun müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Qeyd edib ki, görüşdə müxtəlif sahələrlə bağlı bir sıra təkliflər səsləndirilib.

Daha sonra C.Bayramov diqqətə çatdırıb ki, görüşdə ticarət, gömrük, enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı, təhlükəsizlik və bir sıra digər sahələrə dair məsələlər müzakirə edilib.

Qeyd edək ki, fevralın 23-də Ankarada Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib. Görüşdən sonra Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovun iştirakı ilə birgə mətbuat konfransı təşkil edilib.

Azvision.az


Teqlər: XİN   Ceyhun-Bayramov  






Xəbər lenti