Azərbaycanın haqq işinə dəstək: Nizami adına layiq ədalət nümunəsi

 Azərbaycanın haqq işinə dəstək:  Nizami adına layiq ədalət nümunəsi
  25 Fevral 2021    Oxunub:1984
Azərbaycan ötən il tarixi sınaq qarşısında olarkən bir çox xarici ölkələr və beynəlxalq təşkilatlar Ordumuzun həyata keçirdiyi hərbi əməliyyatları qəti şəkildə dəstəklədilər.
44 günlük Vətən müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində atılan addımlara dəstək verən nüfuzlu təşkilatlardan biri də Nizami Gəncəvi Beynəlxalq Mərkəzi oldu. Təsadüfi deyil ki, Prezident İlham Əliyev fevralın 23-də Mərkəzin həmsədri İsmail Serageldini videoformatda qəbul edərkən bu məqama xüsusilə toxundu. İsmail Serageldinə minnətdarlıq edən dövlət başçısı xanım həmsədr Vayra Vike-Freyberqaya və mərkəzin İdarə Heyətinin digər üzvlərinə Azərbaycanın uğurla həyata keçirdiyi azadlıq müharibəsi ilə bağlı göstərdikləri dəstəyə görə təşəkkürünü bildirdi.

Həqiqətən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri müharibə vaxtı və müharibədən sonrakı dönəmdə ölkəmiz adına dəstək məktubları, beynəlxalq ictimaiyyətə və təşkilatlara müraciətlər ünvanlamaqda Azərbaycanın haqq işində yanında oldular. Döyüşlərin qızğın çağında Azərbaycan Ordusunun uğurlu əməliyyatına dəstək məqsədilə Mərkəzin əməkdaşlarının təşəbbüsü ilə onların əməkhaqlarının bir hissəsinin Silahlı Qüvvələrə Yardım Fonduna köçürülməsini isə Azərbaycan xalqı heç vaxt unutmayacaq.

Eyni zamanda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri tərəfindən dünya liderlərinə, BMT və digər beynəlxalq təşkilatlara mülki şəxslərə edilən hücumların pislənməsi ilə bağlı çağırışların ünvanlanması təşkilatın Azərbaycana verdiyi dəyərin bariz nümunəsi idi.

Xatırladaq ki, Mərkəz üzvləri Nizami Gəncəvinin doğma yurdunun erməni təcavüzündən qorunması, Gəncə şəhərində yaşayan dinc əhaliyə qarşı törədilmiş müharibə cinayətlərinin dayandırılması məqsədilə beynəlxalq ictimaiyyətə müraciət ünvanlamışdılar.

Müraciətdə qeyd edilirdi ki, Gəncədə və digər şəhərlərdə dinc insanlara qarşı olan bu hiddətləndirici hücumlar 25 yanvar 2005-ci il tarixində Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul edilmiş 1416 saylı Qətnamə ilə təsdiqlənən, Ermənistan Respublikasının Azərbaycan Respublikasının bütün işğal olunmuş ərazilərində həyata keçirdiyi düşünülmüş etnik təmizləmə siyasətinin davamıdır:

“Gəncə Azərbaycanın sülhsevər şairlərinin, mütəfəkkirlərinin və filosoflarının yetişdiyi mədəni mərkəzdir. Ermənistan Respublikasının işğalı altında olan Azərbaycan ərazilərindən 100 kilometr uzaqlıqda yerləşən ikinci böyük şəhərdir. Burada, yaşı minilliklərlə ölçülən (dövlət qeydiyyatına alınmış) 195 daşınmaz tarix və mədəniyyət abidəsi yerləşir. O abidələrin bir qismi yalnız yerli və respublika əhəmiyyətli olmayıb, ümumən dünya mədəni irsinin incisi sayılır. Bir millətin mədəni irsinin hədəfə alınmasına heç bir şəkildə haqq qazandırmaq mümkün deyil. Biz, Nizami Gəncəvinin ölməz bəşəri çağırışlarına sayğı duyan dostları olaraq, erməni vandal əməllərini qətiyyətlə pisləyir, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatına (BMT) və UNESCO-ya öz öhdəliklərini nümayiş etdirməsi üçün müraciət edirik. Müraciət edirik ki, bəşəriyyətin mədəni irsini xilas etmək üçün ən qısa zamanda müdaxilə edilsin, Ermənistanın Azərbaycana qarşı olan təcavüzü dayandırılsın”.



Artıq müharibə bitib və çətin günlərdə Azərbaycanın haqq işinə öz dəstəyini ifadə edən Mərkəzin üzvləri nəinki Bakıya, azad edilmiş ərazilərimizə də rahat şəkildə səfər edə bilərlər. Onlar dağıntıların miqyası ilə tanış olmaq üçün Qarabağ bölgəsinə getməklə illərlə Azərbaycanın həyəcan təbili çaldığı erməni terrorunun real mənzərəsini öz gözləri ilə görəcəklər. Təbii ki, səfər reallaşdırılsa, Mərkəz üzvləri yalnız ölkəmizin deyil, bütün bəşəriyyətin mədəni irsi sayılan bir sıra tarixi və mədəni abidlərin vandallar tərəfində yer üzündən silinməsinin şahidi olacaqlar. Bu, Qarabağla bağlı həqiqətlərin dünyaya çatdırılması üçün də mühüm əhəmiyyət daşıyır. Ermənilərin müharibənin gedişində belə mədəni abidələri məhv etməsini qınayan Mərkəz indi Azərbaycanı dini mənsubiyyətindən asılı olmayaraq, bütün tarixi abidələri qorumasına görə nümunə göstərir.

İsmail Serageldin bununla bağlı deyib: “Mən İdarə Heyətindəki həmkarlarımla ziyarətetmə zərurəti olmadan Sizin dinindən asılı olmayaraq, bütün tarixi abidələrin tərəfinizdən qorunmasına dair möhtəşəm bəyanatınızla bağlı videoformatda xüsusi tədbirin keçirilməsi məsələsini müzakirə edirdim. Hesab edirəm ki, bu, çox mühüm məsələdir və biz UNESCO, Dünya Abidələr Fondu kimi təşkilatları, mədəni irsin qorumasına cəlb olunmuş təşkilatları dəvət etməklə bu məsələni daha yaxşı qabarda bilərik və Sizin bəyanatınızla bağlı onları müzakirələrə cəlb edə bilərik. Çünki bu, insanların qalibin nəinki təkcə möhtəşəm olduğunu, eyni zamanda, Siz də dediyiniz kimi, regionda sülhü təşviq etmək məqsədilə yeni səhifə açmaq istədiyini söyləməsi üçün bir nümunə ola bilər. Bu məsələni həll etməyin bir yolu mədəni irs məsələləri ola bilər. Bunlar da bütün tərəflərdə maraq oyatmaq üçün bəzi insanlar tərəfindən istifadə edilə bilən məsələlərdir. Beləliklə, Siz bu mühüm bəyanatı verməklə bunun qarşısını aldınız və hesab edirəm ki, biz bununla bağlı tədbir keçirə bilərik. İlk növbədə, mən həqiqətən də Sizi bu tarixi nailiyyət münasibətilə təbrik etmək istəyirəm. Bu, tarixi nailiyyət hətta Sizin dahi atanız Heydər Əliyev üçün belə mümkün olmamışdı. Lakin onun dahi oğlu bunu edə bildi. Bu, həqiqətən də böyük nailiyyətdir”.

Beləliklə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Azərbaycan arasında olan əməkdaşlıq bundan sonra daha da sıxlaşacaq, qurum özünün əvvəlki ədalətli və səmərəli fəaliyyətini davam etdirməklə həm də "Nizami ili"nə layiqli töhfə vermiş olacaq.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan elm və mədəniyyətinin görkəmli nümayəndəsi, dahi şair, mütəfəkkir Nizami Gəncəvinin irsinin araşdırılması və onun dünyada təbliğ olunması məqsədi ilə fəaliyyət göstərən qeyri-kommersiya və qeyri-siyasi beynəlxalq təşkilatdır. Mərkəz Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2011-ci il sərəncamına əsasən dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirlərinin keçirilməsi çərçivəsində 30 sentyabr 2012-ci il tarixində şairin vətəni Gəncə şəhərində keçirilmiş xüsusi toplantıda təsis edilib. Mərkəz Azərbaycan Respublikasında təsis olunmasına baxmayaraq, qərarverici qurumu dünyanın nüfuzlu ictimai və siyasi xadimlərindən təşkil olunmuş Beynəlxalq İdarə heyyətidir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əsas məqsədi müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoq, tolerantlıq və anlaşmanın təbliğ olunaraq Nizami Gəncəvinin əsərlərində təbliğ etdiyi ümumbəşəri dəyərlərin daha geniş miqyasda dünyaya təbliğ olunmasıdıdır. Mərkəz müxtəlif hökumətlər, hökumətlərarası təşkilatlar və ictimai təşkilatlarla sıx əməkdaşlıq edir.

Hazırda Mərkəzin həmsədrləri Latviyanın sabiq Prezidenti xanım Vaira Vike-Freiberga və İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Seragəldindir.

Tural Tağıyev
Azvision.az


Teqlər: NizamiGəncəviBeynəlxalqMərkəzi   Gəncə   Müraciət  





Xəbər lenti