“Azərbaycan tarixində buna oxşar parlaq qələbə olmayıb” - Prezident

   “Azərbaycan tarixində buna oxşar parlaq qələbə olmayıb” -    Prezident
  25 Fevral 2021    Oxunub:2200
Əlbəttə ki, biz bütün bu illər ərzində müharibəyə hazırlaşırdıq. Bunu heç gizlətmirdik. Çünki bizim torpaqlarımız işğal altında idi və biz görürdük ki, bu məsələnin sülh yolu ilə həlli mümkün deyil. Artıq son illər ərzində buna tam əmin idik. Ermənistan rəhbərliyinin davranışı, təxribat xarakterli çıxışları, addımları bizi və deyə bilərəm ki, beynəlxalq ictimaiyyəti əmin etmişdir ki, bu müharibənin sülh yolu ilə həlli mümkün deyil.
Azvision.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Bakının Ramana qəsəbəsində şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşündə söyləyib.

Fon der Leyen Prezidentimizi təbrik edib
Dövlətimizin başçısı deyib: “Halbuki bu məsələ ilə məşğul olan Minsk qrupuna həmsədrlik edən ölkələrin yüksəkvəzifəli rəsmi nümayəndələri daim təkrarlayırdılar ki, münaqişənin hərbi həlli yoxdur. Amma biz görürdük ki, münaqişənin sülh yolu ilə həlli yoxdur. Çünki əks-təqdirdə 30 il ərzində bu məsələ həll olunardı. Deməli, buna maraq yoxdur, yaxud da ki, belə nə hərb, nə sülh vəziyyəti kimisə qane edirdi. Kimisə qane edirdi ki, Azərbaycan xalqı 30 il ərzində belə vəziyyətdə yaşasın. Kimisə qane edirdi ki, bizim torpaqlarımız işğal altındadır və sanki Azərbaycana bu, müəyyən təzyiq mexanizmi kimi qəbul edilirdi. Bizi inandırmağa çalışırdılar ki, indi reallıq yaranıb, 30 il ərzində bu reallıq mövcuddur və Azərbaycan bu reallıqla barışmalıdır. Mən isə deyirdim ki, heç vaxt biz bu vəziyyətlə barışmayacağıq. Mən deyirdim, heç vaxt imkan verməyəcəyik ki, bizim torpağımızda ikinci qondarma erməni dövləti yaradılsın və imkan vermədik”.

Prezident qeyd edib ki, bütün gücümüzü səfərbər etdik, bir çox illər ərzində ardıcıl siyasət apardıq, həm beynəlxalq müstəvidə, həm iqtisadi sahədə, həm qonşu ölkələrlə münasibətlərdə, regional layihələrin icrasında və əlbəttə ki, ordu quruculuğunun təkmilləşdirilməsi üçün böyük işlər gördük. Eyni zamanda, gənc, vətənpərvər, Vətəni hər şeydən çox sevən nəsil yetişdi. Bax, bu nəsil torpaqlarımızı azad etdi.

“Şuşada Cıdır düzündə Azərbaycan xalqına müraciət edərkən demişdim ki, mən 2003-cü ildə hakimiyyətə gələndə bu gün 25-30 yaşında olan insanlar uşaq idi. Biz onları vətənpərvərlik ruhunda, dövlətə sədaqət ruhunda yetişdirdik və onlar bizim torpaqlarımızı işğalçılardan azad etdilər. O cümlədən işğal edilmiş torpaqlarda heç vaxt olmayan, amma əslən o torpaqlardan olan gənclər torpaqları uğrunda aslan kimi vuruşurdular. Bütün Azərbaycan xalqı, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir yumruq kimi birləşərək düşməni məğlub edib və torpaqlarımızı işğaldan azad ediblər. Bu, tarixi hadisədir. Azərbaycan tarixində buna oxşar parlaq qələbə olmamışdır. Azərbaycan bütün dünyaya öz gücünü göstərdi, xalqımızın iradəsini göstərdi. Bir daha bütün dünya gördü ki, əgər iradə varsa, güc varsa, xalq-iqtidar birliyi, əzmkarlıq və cəsarət varsa, haqq-ədalət öz yerini tapır. Biz bunu nümayiş etdirdik”, - deyə dövlətimizin başçısı bildirib.

Azvision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti