ATƏT PA-da Xocalı canilərinin cəzalandırılması tələb edildi – VİDEO

  ATƏT PA-da Xocalı canilərinin cəzalandırılması tələb edildi –    VİDEO
  25 Fevral 2021    Oxunub:2388
ATƏT Parlament Assambleyasının (ATƏT PA) qış sessiyası işini davam edir.
Azvision.az xəbər verir ki, qurumun 3 Daimi Komitəsinin bu gün keçirilən birgə iclası çərçivəsində Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Assambleyanın vitse-prezidenti Azay Quliyev XX əsrin ən dəhşətli və qanlı cinayətlərindən biri olan Xocalı soyqırımı ilə bağlı bəyanatla çıxış edib.

O deyib ki, fevralın 26-da Azərbaycan xalqı dərin hüzn və kədərlə bu faciəli hadisənin 29-cu
ildönümünü qeyd edəcək.



Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri bildirib ki, 26 fevral 1992-ci ildə Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əsas şəhərlərindən biri olan Xocalıda qırğın törədib: "Bu dəhşətli soyqırımı aktı nəticəsində, yalnız etnik mənşəyinə görə 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla ümumilikdə 613 azərbaycanlı mülki şəxs vəhşicəsinə qətlə yetirilib. Bu günə qədər 16 dövlət və 22 ABŞ ştatı Ermənistanın törətdiyi bu vəhşiliyi soyqırımı aktı kimi tanıyır və bu rəqəm ilbəil artmaqdadır".

ATƏT PA-nın vitse-prezidenti toplantı iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycanın Baş
Prokurorluğu bu cinayəti törədənləri məsuliyyətə cəlb etmək üçün bütün lazımi sübut və dəlilləri toplayıb, lakin təəssüf ki, beynəlxalq dəstəyin olmaması səbəbindən bu şəxslər cəzasız qalmaqla yanaşı, həm də yaxın keçmişə kimi Ermənistanda yüksək dövlət vəzifələrini tutublar.

A.Quliyev ayrı-ayrı ölkələri, ATƏT-i və digər müvafiq beynəlxalq qurumları bu soyqırımı aktını pisləməyə və bu cinayətkarların layiqincə cəzalandırılmasını dəstəkləyərək insanlıq və ortaq dəyərlərimiz naminə Azərbaycan xalqı ilə həmrəy olmağa çağırıb.

ABŞ-ın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri senator Benjamin Kardinin ATƏT-in Minsk Qrupunun gələcək işinin mümkün istıqamətlərinə dair sualına cavab olaraq A.Quliyev bildirib ki, həmsədrlərin fəaliyyəti 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda nəzərdə tutulan sülh, sabitlik və əməkdaşlıq vizyonunun həyata keçirilməsinə yönəldilməlidir. Həmsədrlər beynəlxalq ictimaiyyətin münaqişədən sonrakı bərpa və yenidənqurma səylərinə yardım və dəstəyini səfərbər etməlidirlər.

Azvision.az


Teqlər: Azay-Quliyev   ATƏTPA-  





Xəbər lenti