“Ümid edirəm ki, hərbçilərin maaş məsələsi tezliklə həllini tapacaq” - Deputat

 “Ümid edirəm ki, hərbçilərin maaş məsələsi tezliklə həllini tapacaq”  -    Deputat
  26 Fevral 2021    Oxunub:2539
İlk növbədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda vuruşan və hazırda xidmət çəkən hərbçilərin fədakarlığının heç bir maddi qarşılığı ola bilməz.

Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Kamal Cəfərov deyib.
Deputat bildirib ki, Milli Məclisin sədri Sahibə Qafarovanın adından yayılan “Hərbçilərə 2 qat əməkhaqqı lazım deyil" açıqlaması tamamilə yalandır: "Bu fikri ümumiyyətlə heç bir deputat səsləndirməyib. Əksinə bu məsələ hər birimizi narahat edir və bununla bağlı mən də Milli Məclisin deputatı kimi Müdafiə Nazirliyinə şifahi deputat sorğusu edərək aidiyyəti komitə rəhbərlərinə məruzə etmişəm.

Bildirilib ki, "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanunun 10.2-ci maddəsinə uyğun olaraq, döyüş şəraitində, döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulara həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanıb və ödənilib".

K.Cəfərov nəzərə çatdırıb ki, bununla yanaşı işğaldan azad edilmiş ərazilərdə xidmət edən, o cümlədən hərbi hissənin yerləşdiyi ərazinin iqlim şəraiti, yüksəkliyi və digər məqamları nəzərə alınmaqla, hərbi qulluqçuların əmək haqlarına əlavələr əmsallar formasında ediləcək. Bununla bağlı olaraq, aidiyyəti qurumlar tərəfindən müvafiq fəaliyyət həyata keçirilib. Yaxın zamanlarda, hərbi qulluqçuların əmək haqlarına əlavələrin verilməsi Nazirlər Kabinetinin qərarı formasında təmin ediləcək.

"Ümid edirəm ki, hərbçilərimizlə bağlı məsələ öz həllini tez bir zamanda tapacaq. Bəzən müşahidəm göstərir ki, sosial şəbəkələrdə bəzi şəxslər bu cür həssas mövzulardan populizm naminə və siyasi məqsədlər üçün istifadə edir".

Azvision.az


Teqlər: Kamal-Cəfərov  





Xəbər lenti