“Yataqların hərrac yolu ilə istifadəyə verilməsi Azərbaycan üçün bir ilkdir” - Ekspert

 “Yataqların hərrac yolu ilə istifadəyə verilməsi Azərbaycan üçün bir ilkdir” -  Ekspert
  26 Fevral 2021    Oxunub:2609
Faydalı qazıntı yataqlarının hərrac yolu ilə istifadəyə verilməsi Azərbaycan təcrübəsi üçün bir ilkdir.
Bunu Azvision.az - a iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.

Ekspertin sözlərinə görə, indiyə qədər bu təcrübədən istifadə edilməməsi yataqların istismarında, perspektiv layihələndirilməsində və potensialından maksimal istifadədə əngəllər yaradan səbəblərdən olub:

"Lakin bu işlərin hərraclar vasitəsilə icra edilməsi, təbii resursların səmərəli istifadəsi və ətraf mühitin etibarlı mühafizəsini təmin edən əsas amildir. Bu, eyni zamanda yeni texniki və texnoloji yanaşmaları sürətləndirəcək. Habelə, innovativ tətbiqlərə stimul verəcək. Eyni zamanda ekoloji təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayacaqdır".

E.Əmirov qeyd edib ki, bu yanaşma ayrı-ayrı qurumlar arasında vahid koordinasiya sisteminin gücləndirilməsini də tələb edir:

"Hazırda hərracla bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi arasında razılaşma əldə olunub. Bu, ilkin razılıq öz səmərəsini vahid koordinasiyanın sistemli şəkil alması ilə daha müsbət nəticələr verə bilər. Həmçinin, hərracın səmərəli təşkilinə və standartlara uyğun keçirilməsinə zəmin yaratmış olar. Ümumiyyətlə isə rəqabət təkamülün mühərriki, onun hərəkətverici qüvvəsidir. Hərrac isə bu fəaliyyətin təməlində rəqabət mühitinin yaradılması deməkdir. Amma bir şərtlə ki, bu hərrac şəffaf və beynəlxalq aləmdə qəbul edilmiş qaydalar daxilində keçirilsin. Əgər qeyd edilən bu şərtlər təmin edilərsə, o zaman bunun işğaldan azad olunmuş ərazilərdə mövcud olan faydalı qazıntı yataqları yenidən qiymətləndirilməsində, işlənməsində, daha böyük səmərələrin əldə edilməsində, o cümlədən hasilat potensialından maksimal yararlanmadan son dərəcə müstəsna zəminlər yaranacaq.

Əlavə kapitalın toplanması, əlavə iş yerlərinin formalaşması, yeni texnoloji, hətta deyərdim ki, nanotexnoloji yanaşmaların tətbiqi və digər çox saylı üstünlüklər müşahidə edə biləcəyik. Lakin bu hərrac zamanı şəffaflıq təmin edilməzsə və hərrac iştirakçıları üçün bərabər imkanlar yaradılmazsa, o zaman bu yataqların işlənilməsində xüsusi faydaların və səmərəliliyin əldə ediləcəyini gözləmək sadəlövhlük olardı. Düzdür, hazırda hərracın şərtləri, digər detalları və istifadəyə veriləcək faydalı qazıntı yataqları barədə ətraflı məlumat yoxdur.

Yalnız o bildirilib ki, ilk mərhələdə Goranboy, Tovuz, Ağcabədi, Beyləqan, Göygöl, Qazax rayonlarında yerləşən yataqlar hərrac qaydasında istifadəyə veriləcək. Ümid edirəm ki, bu istiqamətdə şərtlər və qaydalar təsdiqlənəndən sonra bölgələrdə dayanıqlı inkişaf prinsiplərinə əsaslanan rəqabət qabiliyyətli iqtisadi mühitin yaradılması üçün şəffaf bir hərracın keçirildiyini müşahidə edəcəyik".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: hərrac  





Xəbər lenti