“Təzminatın ödənilməsi üçün beynəlxalq məhkəmələrdə iddialar qaldırılacaq” - Prezident

 “Təzminatın ödənilməsi üçün beynəlxalq məhkəmələrdə iddialar qaldırılacaq” -  Prezident
  26 Fevral 2021    Oxunub:1720
“Ermənilər bütün dünyaya göstərdilər ki, biz kimlərlə üz-üzə idik və hansı bəlanı məğlub etdik. Sözün düzü, belə vəhşilik gözləmirdim. Başqasının torpağını zəbt edəsən, torpağın, evin sahibini güc tətbiq edərək heç bir vaxt vermədən qovasan. Biz onlara çıxmaları üçün 20 gün vaxt versək də, onlar bizə heç 20 saat da vaxt verməmişdilər. Qovduğun insanın evində yaşayasan və mənimdir deyəsən. Oradan çıxmağa məcbur olanda da dağıdıb, söküb yandırasan. Bu dərəcədə əxlaqsızlıq ola bilərmi? Bunu bütün dünya gördü”.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı bildirib ki, ikinci Qarabağ müharibəsinin əhəmiyyəti təkcə ərazi bütövlüyünün bərpası ilə məhdudlaşmır. Bütün dünya erməni faşizminin əsl real sifətini gördü:

“Biz bütün dəymiş ziyanı hesablamalıyıq və hesablayırıq. Göstərişimlə müvafiq qurumlar video-foto, dron çəkilişləri aparır. Bütün dəymiş ziyan hesablanacaq, dağılmış evlərin protokollaşması, pasportlaşması işlərinə start verilib. Vətəndaşlar fərdi qaydada həm ölkə məhkəməsinə, həm də beynəlxalq məhkəmələrə dəymiş ziyanın ödənilməsi üçün müraciət etsinlər.

İkinci mərhələ üçün də sənədlər imzalanıb və işlərə başlanılıb. Buna oxşar münaqişələrdə dəymiş ziyanın hesablanmasında təcrübəsi olan şirkətlərlə də sənədlər imzalanıb. Yaxın gələcəkdə Azərbaycana gələcək və tədqiqatlar aparılacaq. Biz onları lazım olan materiallarla təmin edəcəyik.

Təzminatın ödənilməsi üçün beynəlxalq məhkəmələrdə iddialar qaldırılacaq. Təbii ehtiyatların qanunsuz istismarı beynəlxalq cinayətdir. Artıq bu cinayəti törədən bəzi qurumların məsuliyyətə cəlb edilməsi üçün ilkin hazırlıq işləri aparılıb. Mən bu məsələ ilə bağlı bir-iki dəfə öz sözümü demişəm. Bir daha deyirəm ki, ya həmin şirkətlər bizə təzminat ödəyəcəklər, ya da məhkəməyə gedəcəklər. Məhkəməyə getdikləri təqdirdə əminəm ki, məhkəmədə tam uduzacaqlar və dünya miqyasında biabır olacaqlar. Bu şirkətlərin beynəlxalq reputasiyasına da ciddi zərbə olacaq. 54 min hektar meşə fondu kəsilib və dağıdılıb.”

Azvision.az


Teqlər: İlham-Əliyev   Qarabağ  





Xəbər lenti