İƏT-in Parlament İttifaqı Xocalı barədə bəyanat yayıb

İƏT-in Parlament İttifaqı Xocalı barədə bəyanat yayıb
  26 Fevral 2021    Oxunub:5131
Daim Azərbaycana dəstək verən, Xocalı soyqırımını tanıyan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Parlament İttifaqı Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə bəyanat verib. Sənəd qurumun rəsmi saytında (en.puic.org) dərc olunub.
Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a bildirilib ki, bəyanatda 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərinin işğal olunmasından və mülki əhaliyə qarşı törədilən soyqırımından 29 il ötdüyü bildirilir. Qeyd olunur ki, həmin gecə sağ qalmaq üçün ən yaxın təhlükəsiz bölgəyə qaçmağa çalışan mülki şəxslər pusquya salınaraq vəhşicəsinə öldürülüb, bir qismi isə girov götürülüb.

Xocalı soyqırımı qurbanlarına dair rəsmi faktların yer aldığı sənəddə bildirilir ki, faciədə 56 nəfər xüsusi amansızlıqla qətlə yetirilib: diri-diri yandırılıb, başları kəsilib və ya gözləri çıxarılıb, hamilə qadınların qarnına süngü saplanıb, şəhər yerlə-yeksan edilib.

Bəyanatda vurğulanır ki, Xocalı şəhərində azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş çoxsaylı hərbi cinayətlər, o cümlədən soyqırımı cinayəti beynəlxalq hüquq normalarına, humanitar və insan hüquqlarına ziddir, 1949-cu il Cenevrə Konvensiyası müddəalarının və bu qisimdən olan bir sıra qanunvericilik aktlarının ciddi şəkildə pozulması ilə müşayiət olunub.

Bildirilir ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi bu cinayətə hüquqi-siyasi qiymət verib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə beynəlxalq miqyasda həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünyaya yayılması və bu faciənin tanınması istiqamətində məqsədyönlü addım olub.

Xocalıdakı kütləvi məzarlıqda aşkarlanmış insan qalıqlarının sayı 18-ə çatıb
Məlumat verilir ki, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı aktı ilə bağlı müvafiq qərarlar qəbul edilib. Xocalı soyqırımı Pakistan, Meksika, Bosniya və Herseqovina, Çexiya, İordaniya, Peru, Kolumbiya, Paraqvay, Honduras, Əfqanıstan, İndoneziya və digər ölkələrin parlamentlərində müzakirə olunaraq bu cinayəti pisləyən siyasi sənədlər qəbul edilib, Xocalı soyqırımı tanınıb. Bəyanatda vurğulanır ki, Xocalı soyqırımı İslam Əməkdaşlıq Təşkilatı tərəfindən də rəsmən tanınıb və qınanılıb.

İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının yaydığı bəyanatda qeyd olunur ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 2020-ci il sentyabrın 27-də başlanan əks-hücum əməliyyatı nəticəsində öz torpaqlarını işğaldan azad edib. 2020-ci il noyabrın 10-da tarixində imzalanmış üçtərəfli bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycana qaytarılıb. Beləliklə, ölkənin ərazi bütövlüyü bərpa olunub.

Bəyanatın yekununda Xocalı soyqırımı qurbanlarının xatirəsi bir daha yad edilir, onlara Allahdan rəhmət dilənilir. Beynəlxalq hüququn norma və prinsiplərinə istinadən ümid ifadə olunur ki, ədalət gec-tez öz yerini tapacaq, Xocalı soyqırımını törədənlər layiqli cəzalarını alacaqlar.

Azvision.az


Teqlər: Xocalı  





Xəbər lenti