Kəndli təsərrüfatları ilə bağlı qərarda dəyişiklik edildi

Kəndli təsərrüfatları ilə bağlı qərarda dəyişiklik edildi
  27 Fevral 2021    Oxunub:2195
Nazirlər Kabineti “Ailə kəndli təsərrüfatının uçotunun aparılması Qaydaları”nda dəyişiklik edib.
Azvision.az xəbər verir ki, qərara əsasən, ailə kəndli təsərrüfatının uçotunu müvafiq ərazilər üzrə bələdiyyə orqanları həyata keçirirlər.

Ailə kəndli təsərrüfatının başçısı uçota durmaq üçün müvafiq ərazi bələdiyyəsinə ərizə ilə müraciət edir. Ailə kəndli təsərrüfatının başçısının və üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin surətləri ərizəyə əlavə edilir.

Ərizədə aşağıdakı məlumatlar göstərilir:

Ailə kəndli təsərrüfatının adı və ünvanı;

Ailə kəndli təsərrüfatının başçısının və üzvlərinin fərdi identifikasiya nömrələri;

Ailə kəndli təsərrüfatı üzvlərinin təsərrüfata üzv olma tarixləri (gün, ay, il), fəaliyyətə başladıqları və fəaliyyətlərini dayandırdıqları (gün, ay, il), məşğul olduqları iş və ya peşələri (vəzifələri).

“Ailə kəndli təsərrüfatının üzvlərinə onların statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən vəsiqənin forması və verilmə Qaydası”nda da dəyişikliklər edilib.

Bundan başqa, müvafiq ərazi üzrə bələdiyyə tərəfindən bu Qaydada qeyd olunan məlumatlar EKTİS-ə daxil edildikdən sonra uçota alınmış ailə kəndli təsərrüfatı üzvünün vəsiqəsi bələdiyyənin vəzifəli şəxslərinin gücləndirilmiş elektron imzası ilə təsdiqləndikdən sonra EKTİS tərəfindən real vaxt rejimində nömrə verilir və ailə kəndli təsərrüfatı üzvünün elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur.

AKT üzvünün soyadı, adı, atasının adı, doğulduğu tarix və məşğul olduğu iş ilə bağlı məlumatlar dəyişdikdə AKT başçısı yeni vəsiqənin alınması üçün müvafiq ərazi üzrə bələdiyyəyə müraciət edir. Yeni vəsiqə AKT üzvünə bu Qaydanın 3.1-ci bəndi ilə müəyyən edilmiş qaydada və formada 5 gün müddətində verilir.

Müəyyən edilib ki, bu Qərar qüvvəyə minənədək ailə kəndli təsərrüfatı üzvlərinə kağız formada verilmiş vəsiqə elektron vəsiqəyə bərabər tutulur. Kağız formada verilmiş vəsiqə itirildikdə, məhv olduqda və ya yararsız hala düşdükdə, ailə kəndli təsərrüfatı üzvünə elektron formada yeni vəsiqə təqdim edilir. Eyni zamanda, uçota alınmış ailə kəndli təsərrüfatı üzvlərinin statusu, əmək fəaliyyəti və əmək stajı barədə məlumatlar 6 (altı) ay müddətində yerli özünüidarəetmə orqanları tərəfindən “Elektron kənd təsərrüfatı” informasiya sisteminə əlavə edilir.

Azvision.az


Teqlər: Nazirlər-Kabineti   Qərar  





Xəbər lenti