Naxçıvan Nazirlər Kabineti yeni qərarlar qəbul edib

Naxçıvan Nazirlər Kabineti yeni qərarlar qəbul edib
  27 Fevral 2021    Oxunub:1389
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2021-ci il fevral ayının ikinci yarısında bir sıra qərarlar qəbul edib.
Azvision.az xəbər verir ki, “Naxçıvan Muxtar Respublikasında 2021-ci il 1 yanvar vəziyyətinə torpaqların növləri, mülkiyyətçiləri və istifadəçiləri üzrə torpaq balansı”na müvafiq olaraq 2020-ci ildə mövcud 177382 hektar kənd təsərrüfatına yararlı torpaq sahəsinin 54857 hektarını əkin, 2042 hektarını çoxillik əkmələr, 3040 hektarını biçənək, 32 hektarını dinc, 104429 hektarını örüş və 12982 hektarını həyətyanı torpaq sahələrinin yararlı hissəsi təşkil etmişdir. Şahbuz, Kəngərli, Sədərək rayonlarında yeni suvarma şəbəkələrinin qurulması, Şərur, Babək, Ordubad, Culfa, Şahbuz, Kəngərli rayonlarında və Naxçıvan şəhərində meyvə bağlarının, üzümlüklərin salınması və həmin ərazilərin su ilə təmin edilməsi nəticəsində 2021-ci il 1 yanvar vəziyyətinə suvarılan torpaqların sahəsi 63054 hektar olmuşdur ki, bu da ötən illə müqayisədə 823 hektar çoxdur.

Nazirlər Kabinetinin 2021-ci il 15 fevral tarixli Qərarına əsasən xüsusi təhsilə və evdə təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıbgətirmək üçün ayda 50 manat məbləğində müavinət müəyyən edilmişdir. Qeyd edək ki, ötən dövrlərdə bu məbləğ 22 manat olub.

Bununla yanaşı, Nazirlər Kabinetinin 2021-ci il 22 fevral tarixli Qərarı ilə un istehsalı ilə məşğul olan şəxslərə satılan unun hər tonuna görə müəyyən edilmiş qaydada 2021-ci il fevralın 1-dən mayın 1-dək olan dövrdə subsidiya verilməsi nəzərdə tutulub.

Həmçinin, Nazirlər Kabinetinin 2021-ci il 22 fevral tarixli digər bir Qərarına əsasən “Naxçıvan Muxtar Respublikasında dövlət məktəbəqədər təhsil müəssisəsini maliyyələşdirmə normativləri”ndə dəyişikliklər edilmişdir. Dəyişikliyə əsasən dövlət məktəbəqədər təhsil müəssisəsinin maliyyələşdirmə normativləri Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət məktəbəqədər təhsil müəssisələrinin cari fəaliyyətini həyata keçirmək üçün vahid büdcə təsnifatına uyğun büdcə vəsaitlərindən olan tələbatı müəyyən etmək məqsədilə tətbiq edilib.

Nazirlər Kabinetinin 2021-ci il 23 fevral və 25 fevral tarixli qərarları ilə “Naxçıvan Muxtar Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilib.

Eyni zamanda Nazirlər Kabinetinin 2021-ci il 24 fevral tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki müəssisələrə işə qəbul Qaydaları” təsdiq olunmuşdur. Qaydalara əsasən mədəniyyət müəssisələrinə işə qəbulun aparılması Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi və Mədəniyyət Nazirliyi tərəfindən müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqədə ali və ya orta ixtisas təhsili müəssisəsini bitirmə haqqında sənəd almış, xarici ölkədə aldığı təhsil sənədi qanunvericiliklə müəyyən edilmiş qaydada tanınmış Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək üçün müraciətlər müsabiqə elan edildiyi gündən etibarən 30 gün ərzində mərkəzin internet portalı vasitəsilə elektron formada qəbul edilir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 fevral tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tətbiq edilən cərimələrin toplanan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nda edilmiş dəyişikliyə əsasən nazirlik tərəfindən tətbiq edilən cərimələrdən toplanan və nazirliyin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə həmin orqanın hesabına köçürülən vəsaitin miqdarı və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun və qanunvericiliyə uyğun olaraq tətbiq edilən cərimələrdə daxil olan vəsaitlərin həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya təşkil edən dövlət orqanlarının, habelə dövlət notariat ofislərinin xəzinə hesabına köçürülməsi, istifadə edilməsi, uçota alınması və hesabatın təqdim edilməsi Qaydaları”nda edilmiş dəyişikliyə görə müvafiq dövlət rüsumunun miqdarı ümumi vəsaitin 18 faizi həcmində müəyyən edilib.

Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür.

Azvision.az


Teqlər: Naxçıvan   Nazirlər-Kabineti   Qərar  





Xəbər lenti