Sarkisyan Qasparyan məsələsində özünü haqlı sayır

  01 Mart 2021    Oxunub : 2100
 Sarkisyan Qasparyan məsələsində özünü haqlı sayır
Ermənistan prezidenti Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi ətrafında yaranmış vəziyyətlə bağlı açıqlama verib.

Azvision.az xəbər verir ki, Sarkisyanın yaydığı bəyanatda Onik Qasparyanın vəzifəsindən kənarlaşdırılmasına dair fərman layihəsinin baş nazirə geri qaytarılmasının qəbuledilməz fərziyyələrə və qeyri-adekvat reaksiyaya səbəb olduğu bildirilir.
Sarkisyan öz funksiyalarını yalnız konstitusiyada təsbit olunmuş səlahiyyətlər çərçivəsində obyektiv şəkildə həyata keçirdiyini, milli və dövlət maraqları əsasında qərarlar qəbul etdiyini xatırladıb.

Sarkisyana görə, prezidentin dövlət başçısı kimi ən vacib missiyası konstitusiya normalarına riayət olunmasına nəzarət etmək, vəziyyətdən çıxmaq üçün prezident institutunu dialoq və danışıqlar platforması kimi istifadə etməkdir.

"Prezident dəfələrlə siyasi qüvvələri danışıqlar masasına toplamağa, qarşılıqlı məqbul həll yollarını axtarmağa hazır olduğunu təklif edib və indi də bunu təsdiqləyir",- Sarkisyan əlavə edib.

O, həmçinin sənəd layihəsini konstitusiyada təsbit edilmiş səlahiyyətlərinə əsasən geri qaytardığını bildirib.

Xatırladaq ki, prezident Sarkisyan Onik Qasparyanın vəzifəsindən kənarlaşdırılması üçün təqdimatı baş nazirə geri qaytardıqdan sonra Nikol Paşinyan bu addımı izaholunmaz və anlaşılmaz qərar adlandırıb. Hakim “Mənim addımım” fraksiyasının deputatı Vaaqn Ovakimyan isə prezidentə impiçment tətbiq olunmasının mümkünlüyünü bildirib.

Paşinyan Qasparanın vəzifədən çıxarılması barədə qərarı ikinci dəfə prezidentə təqdim edib.

Qeyd edək ki, Qasparyan 25 fevraldakı bəyanatında Paşinyanı istefa verməyə çağırıb. Bundan sonra Ermənistanda siyasi vəziyyət gərginləşib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: ArmenSarkisyan