Heyvanların identifikasiyası həyata keçirilir

Heyvanların identifikasiyası həyata keçirilir
  01 Mart 2021    Oxunub:1886
Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birgə icra etdiyi Kənd Təsərrüfatında Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində ölkədə Heyvanların İdentifikasiya və Qeydiyyatı Sisteminin (HİQS) yaradılması prosesinə start verilib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, prosesə başlamaq üçün ixtisaslaşmış beynəlxalq məsləhətçi təşkilat tərəfindən strategiya hazırlanıb. Hazırlanmış strategiya və texniki şərtlər əsasında proqram təminatının satınalınması üzrə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredir və İnkişaf Agentliyi (AKİA) tərəfindən beynəlxalq seçim aparılıb. İtaliya, Çexiya, Şimali Makedoniya və Azərbaycan şirkətlərinin daxil olduğu konsorsiumla müqavilə imzalanıb.

Sistemin yaradılması layihənin heyvan sağlamlığı və baytarlıq xidmətinin inkişaf etdirilməsi komponentinin fəaliyyətləri sırasında nəzərdə tutulub. Sistem diri heyvanların və heyvandarlıq məhsullarının “fermadan süfrəyədək” izlənməsi, damazlıq, heyvan sağlamlığı və digər vacib modullardan ibarət olacaq. HİQS ölkədə elektron kənd təsərrüfatı və digər elektron sistemlərlə inteqrasiya olunacaq. Proqram təminatı yaradıldıqdan sonra seçilmiş ərazidə iribuynuzlu heyvanlar və atlarda identikləşdirmə aparılmaqla, sistem sınaqdan keçiriləcək. Sistemin mərhələli şəkildə yaradılması və bütün ölkə üzrə tətbiqi nəzərdə tutulur.

HİQS steminin yaradılması ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və heyvandarlığın inkişaf etdirilməsində əhəmiyyətli rol oynayacaq. Layihənin benefisiarı Qida Təhlükəsizliyi Agentliyidir.

Layihənin heyvan sağlamlığı və baytarlıq xidmətinin inkişafı məqsədilə indiyədək gördüyü işlərdən ölkə üzrə brusellyoz xəstəliyinə qarşı uğurla həyata keçirilən yeni mübarizə proqramını, Azərbaycan Dövlət Aqrar Universitetinin baytarlıq fakültəsində təhsil proqramının beynəlxalq standartlara uyğunlaşdırılmasını və maddi-texniki bazanın gücləndirilməsi üçün 2 nümunəvi istehsalat fermasının yaradılmasını, özəl baytarlıq fəaliyyətinə keçidlə əlaqədar beynəlxalq təcrübənin öyrənilməsi və Azərbaycan üçün mexanizmin hazırlanmasını qeyd etmək olar.

Kənd Təsərrüfatında Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsinin əsas məqsədi fermerlərin yerli və beynəlxalq bazarlara çıxışının yaxşılaşdırılmasından ibarətdir. Bu məqsədə nail olmaq üçün sanitariya və fitosanitariya sistemlərinin gücləndirilməsi, aqrobiznes dəyər zəncirləri üzrə modellərin yaradılması, maliyyə xidmətlərinin göstəriməsi, toxumçuluq sektorunun inkişaf etdirilməsi fəaliyyətləri icra olunur.


Azvision.az


Teqlər: KTN   Qoyun  





Xəbər lenti