“Peyvənddən qorxmaq lazım deyil” - Xalq artistindən çağırış
Bu yaxınlarda həyat yoldaşı ilə birlikdə vaksinasiyadan keçən aktyor səhhətlərinin normal olduğunu, heç bir problem yaşamadıqlarını bildirib.
“Bir neçə gün əvvəl peyvənd olundum. Həkimlər üç gün evdən çölə çıxmamağı məsləhət gördülər. Peyvənddən öncə həyacan keçirirdim, internetdən xəbərləri oxuyurdum. Sonra qohumlarla danışdım, onlardan peyvənd haqqında soruşdum. Mənə dedilər ki, uşaqlıqda etdiyimiz kimi adi bir peyvənddir. Daha sonra övladlarım, gəlinlərim də peyvənd olundular və qorxacaq bir şey olmadığını anlatdılar.
Həyat yoldaşımı da götürüb peyvənd olunmağa getdim. Ötən həftənin 6-cı günü bizi klinikada peyvənd etdilər və orada yarım saat oturub gözlədik. Halımızın dəyişib-dəyişmədiyini öyrənmək istədilər. Həyəcandan mənə bir balaca istilik gəlmişdi. Vaxt bitəndən sonra yoldaşımla piyada evə gəldik. Gecəni yaxşı yatdıq, narahatlıq hiss etmədik. Peyvənd olunmağımıza baxmayaraq, tez-tez maskaları dəyişirəm, qorunuram”.
Sonda Xalq artisti vətəndaşları peyvənddən qorxmamağa, vaksinasiyadan keçməyə çağırıb.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: RafiqƏzimov aktyor peyvənd