Ayaqyalın çıxdığı kəndə 30 il sonra qayıtdı - Tuğdan VİDEOREPORTAJ

Ayaqyalın çıxdığı kəndə 30 il sonra qayıtdı -  Tuğdan VİDEOREPORTAJ
  04 Mart 2021    Oxunub:17578
İşğaldan azad olunmuş Xocavənd rayonunun Tuğ kəndindəyik. Dəniz səviyyəsindən 1400-1500 metr yüksəklikdə yerləşən kənd sözün əsl mənasında cənnəti xatırladır. Dünyada məşhur olan Azıx və Tağlar mağaraları Tuğ kəndinin yaxınlığında yerləşir.
1991-ci il oktyabrın 30-dan 31-nə keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Tuğ 2020-ci il noyabrın 9-da Müzəffər Azərbaycan Ordusu tərəfindən azad olunub.

İşğaldan əvvəl kənddə azərbaycanlılarla azsaylı ermənilər birgə yaşayıb. 1988-ci ildən başlayaraq Dağlıq Qarabağda erməni separatçıları azərbaycanlılara qarşı soyqırımlar törədiblər. O cümlədən Tuğ kəndində də həmyerlilərimiz ermənilər tərəfindən amansız hücumlara məruz qalıb.



30 ildən sonra doğma yurduna baş çəkən kənd sakini Nizami Hüseynov bizimlə söhbətində həmin illərdə soydaşlarımızın başına gətirilən müsibətlərdən danışıb. O, vaxtilə ermənilərlə bir məktəbdə təhsil aldıqlarını söyləyib.

"1988-ci ildən başlayaraq ermənilər Dağlıq Qarabağ məsələsini qaldırdıqdan sonra vəziyyət pisləşməyə başladı. 1990-cı ildə bizdən 1 nəfər orta məktəb şagirdini öldürdülər. Bundan sonra vəziyyət daha da mürəkkəbləşdi. 1991-ci il oktyabr ayının sonlarında evlərimizi yandırdılar. Bizi məcburi olaraq ayaqyalın, başıaçıq kənddən çıxardılar".



Kənddə düşmənin məhv etdiyi tarixi yerlərin və evlərin qalıqlarını görmək olar. İşğal dövründə burada azərbaycanlılara məxsus tarixi abidələr, məscidlər, qəbiristanlıqlar ermənilər tərəfindən tamamilə məhv edilib. Belə ki, işğaldan öncə Tuğda mədəniyyət mərkəzi, musiqi məktəbi, şərab zavodu, məktəblər, teatr dərnəkləri fəaliyyət göstərib. Ermənilər kəndi işğal etdikdən sonra onların hamısını dağıdıblar. Bəzi evlərdə isə özlərinə yaşayış qurublar.

Kənddə olduğumuz zamanı bir neçə evə baş çəkdik. Görünən o idi ki, ermənilər burada azərbaycanlılara məxsus olan nə varsa, hamısını mənimsəyib, talayıblar.



Tuğ Azərbaycanda nadir kəndlərdəndir ki, həm qədimliyi, həm də mədəni dəyərləri ilə seçilib. Erməni vandalları Tuğdakı tarixi abidələrimizi də saxtalaşdırmağa çalışıblar. Eyni zamanda kənddə yerləşən qədim alban məbədini kilsəyə çeviriblər.



Nizami Hüseynovun sözlərinə görə, həmin məbəd mədəniyyət evi kimi istifadə edilib. Müsahibimiz deyir ki, ermənilər tarixi saxtalaşdıraraq, kənddə azərbaycanlılara aid olan hər şeyin izini itirmək istəyiblər.

Məlum olur ki, məbəd ərazisindəki daşlar sonradan düzəldilərək oraya gətirilib. Ermənilər yalançı qəbiristanlıq salmaqla, buranın guya qədim erməni kəndi olduğunu göstərməyə çalışıblar.

"Alban məbədini erməniləşdiriblər. Çalışıblar ki, bizim izimizi silsinlər. Binaya baxanda görmək olar ki, çöl hissəsi sonradan təmir olunub", - N.Hüseynov qeyd edib.



Nizami Hüseynovla doğma kəndini gəzərək, buradakı tarixi məkanlar haqqında məlumatlar toplamağa çalışdıq. Daha sonra kəndə gələn bulaq suyundan içdik. Müsahibimiz sevinclə deyir ki, 30 ildən sonra doğulub-böyüdüyü kəndin bulağından su içmək ona qismət oldu.

"Bura bizim kəndin orta bulağı deyirlər. Yenidən bulaqdan su içmək mənə ləzzət etdi. Başda Ali Baş Komandan olmaqla bütün şəhidlərimizin valideynlərinə təşəkkür edir, onların əllərindən öpürəm ki, yenidən öz kəndimizə qovuşduq".

Çəkilişimizi yekunlaşdırıb kənddən xoş təəssüratlarla ayrılırıq. İnanırıq ki, tezliklə burada yeni evlər tikiləcək, yenidən infrastruktur qurulacaq, sakinlər öz doğma yurd-yuvalarına qayıdacaqlar.

Növbəti səfərimizdə Nizami Hüseynovun yeni evində qonaq olmaq ümidilə onunla sağollaşırıq...







Müxbir: Anar Kəlbiyev
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

Azvision.az


Teqlər: Xocavənd   Tuğ   Kənd  





Xəbər lenti