Palatanın Türkiyənin Sayıştay Başkanlığı ilə əməkdaşlığı genişlənir

Palatanın Türkiyənin Sayıştay Başkanlığı ilə əməkdaşlığı genişlənir
  02 Mart 2021    Oxunub:1728
Türkiyənin Sayıştay Başkanlığının nümayəndə heyəti Azərbaycanın Hesablama Palatası ilə Həmkar Qiymətləndirməsi çərçivəsində ölkəmizə səfər edib.
Hesablama Palatasından Azvision.az -a verilən məlumata görə, qardaş ölkənin nümayəndə heyəti ilə görüşən palatanın sədri Vüqar Gülməmmədov iki qurum arasında 2005-ci ildə imzalanmış ikitərəfli əməkdaşlığa dair sazişin əhəmiyyətini və bu çərçivədə formalaşan əməkdaşlıq və dostluq əlaqələrinin əhəmiyyətini vurğulayıb. Görüşdə dost dövlətlərin ali audit orqanlarının birgə fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Daha sonra V.Gülməmmədov yeni növ koronavirus (COVID-19) pandemiyasının yaratdığı iqtisadi və sosial çətinliklərin təsirlərinin yumşaldılması və aradan qaldırılması məqsədilə dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı və əhatəli dəstək tədbirləri barədə məlumat verib, ali audit orqanları qarşısında həmin tədbirlər üçün icra edilən vəsaitlərin auditinin keçirilməsinin aktual bir məsələ kimi durduğunu qeyd edib. Bu baxımdan, Hesablama Palatasının 2020-ci ilin dekabr ayında təsdiq edilmiş cari ilin iş planına pandemiyanın təsirləri ilə mübarizə istiqamətində icra edilmiş vəsaitlərin auditi üzrə tədbirlərin daxil edildiyi, hazırda artıq bu istiqamətdə nəzarət tədbirinin həyata keçirilməkdə olduğu diqqətə çatdırılıb.

Daha sonra palatanın sədr müavini Adil Məhərrəmov Həmkar Qiymətləndirməsi çərçivəsində görülmüş işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb. Türkiyənin Sayıştay Başkanlığının sədr müavini Zekeriya Tüysüz bildirib ki, Həmkar Qiymətləndirməsinin məqsədi Hesablama Palatasının maliyyə, uyğunluq və səmərəlilik (performans) auditləri daxil olmaqla ümumilikdə audit fəaliyyətinin cari vəziyyətinin audit metodologiyası çərçivəsində qiymətləndirilməsi və müəyyən olunan fərqlərin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi ilə bağlı tövsiyələrin verilməsidir.



Z.Tüysüz, həmçinin qeyd edib ki, ötən müddətdə layihə çərçivəsində öncədən müəyyən edilmiş işçi qrup planına əsasən, hər üç audit istiqaməti üzrə Hesablama Palatasının auditorlarının rəhbərliyi altında audit aparan qruplarla videoformatda müxtəlif görüşlər keçirilib, Sayıştay Başkanlığının əməkdaşları tərəfindən hər üç formada auditlərin müxtəlif meyarlar üzrə qiymətləndirilməsi məqsədilə ümumilikdə yeddi audit hesabatının INTOSAI tərəfindən qəbul edilən beynəlxalq audit standartlarına (ISSAI) uyğunluğu araşdırılıb, görülən işlərin ilkin nəticələri təqdim olunub və nəzərdən keçirilən hesabatlar ətrafında müzakirələr aparılıb.

Dörd gün davam edəcək tədbirdə Həmkar Qiymətləndirməsi üzrə növbəti görüş və müzakirələrin keçirilməsi və iki qurumun əməkdaşları arasında təhlil edilən audit istiqamətləri üzrə təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub.

Azvision.az


Teqlər: Hesablama-Palatası   Türkiyə   Sayıştay-Başkanlığı  





Xəbər lenti