Miqrasiya Xidmətinin rəisi Quido Ambroso ilə görüşdü

   Miqrasiya Xidmətinin rəisi Quido Ambroso ilə görüşdü
  03 Mart 2021    Oxunub:1063
Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Quido Ambroso ilə görüşüb.
Qurumdan Azvision.az -a verilən məlumata görə, görüşdə Dövlət Miqrasiya Xidmətinin rəisi 2019-cu ildə Cenevrədə keçirilmiş İlk Qlo­bal Qaçqın Forumunda Azərbaycan hökuməti tərəfindən səsləndirilən öh­də­li­klərin icrası ilə bağlı müsbət nəticələrin əldə olunduğunu diqqətə çatdırıb. COVID-19 pandemiyası dövründə qaçqın və sığınacaq axtaran şəxslərə göstərilən humanitar yardımlardan bəhs edən Vüsal Hüseynov BMT QAK-ın himayəsindəki bu kateqoriyalı insanların qanuni əmək bazarına çıxış imkanlarını yaxşılaşdırmaq üçün atılan addımlar, qaçqınların icbari tibbi sığorta sisteminə daxil edilməsi barədə də məlumat verib.

Xidmət rəisi, həmçinin Vətən müharibəsindən qalib ölkə kimi ayrılmış Azərbaycanın qüdrətli, müzəffər Ordusunun qələbəsindən söhbət açıb.

BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xüsusi karantin rejimi dövründə DMX tərəfindən elektron xidmətlərə keçidin üstünlüklərindən söhbət açaraq əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə edilən güzəştləri, COVID-19 pandemiyası dövründə bu qəbildən olan aztəminatlı ailələrə göstərilən yardımları, həssas kateqoriyalı şəxslərin bütün müraciətlərinə çevik reaksiya verilməsini, qaçqın statusu əldə etmək üçün müraciətlərin dayandırılmamasını və bu istiqamətdə atılan digər mühüm addımları yüksək qiymətləndirib.

Cənab Quido Ambroso beynəlxalq media və diplomatik korpus, eləcə də beynəlxalq təşkilatların nümayəndələri ilə birgə işğaldan azad olunmuş Azərbaycan ərazilərinə təşkil edilmiş səfərlərdən də danışıb. 30 ilə yaxın bir müddət ərzində ermənilərin əzəli Azərbaycan torpaqlarında törətdiyi vəhşiliklərin şahidi olduğunu, şəhər və kəndlərin yerlə-yeksan edildiyini bildirib.

Bu mənzərədən dərin sarsıntı keçirdiyini, şahidi olduğu faktlarla bağlı BMT QAK-ın Baş Qərargahına məlumat göndərdiyini deyib. O, həmçinin işğaldan azad olunmuş Azərbaycan torpaqlarındakı yenidənqurmadan sonra qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması işinə töhfə verəcəklərini bildirib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azvision.az



Teqlər: DMX   BMT  





Xəbər lenti