“Şəhidi ərazidən çıxarıb, sürünə-sürünə bir neçə kilometr yol gəldim” - Qarabağ qazisi

“Şəhidi ərazidən çıxarıb, sürünə-sürünə bir neçə kilometr yol gəldim” -  Qarabağ qazisi
  04 Mart 2021    Oxunub:17252
44 günlük Vətən Müharibəsinin qəhrəmanlarından biri də Sumqayıt şəhər sakini, 35 yaşlı Ruslan Rzayevdir. Müharibə başlayanadək tikintidə fəhlə işləyən Ruslan ordu sıralarına könüllü qoşularaq döyüşə yollanıb.

R.Rzayev döyüş xatirələrini Azvision.az -la bölüşərək deyib:
“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər bölməsindən çağırış gəldi. Vətən torpaqlarının azad edilməsi uğrunda döyüşlərdə iştirak edəcəyim üçün çox sevinirdim. Oktyabrın 1-də sevinclə döyüş bölgəsinə yollandım. Müharibə dövründə sanitar təlimatçı idim. Oktyabrın 14-ə qədər Füzuli, Şuşa istiqamətində gedən döyüşlərdə yaralı və şəhid çıxarırdım. Çətin və ağır döyüşlər idi. Oktyabrın 14-ü Füzuli istiqamətində gedən döyüşlərdə yaralı çıxarmaq üçün getmişdim. Ərazini dəqiq tanımadığım və tək olduğum üçün boş sahəyə çıxdım. Onda 3 güllə yarası aldım. Biri qoruyucu jiletdən, biri çiynimdən, digəri də kürəyimdən dəymişdi. Orada bir şəhidi çıxarıb təhvil vermişdim. Vurulduğum yerdən sanitar maşınları olan əraziyə qədər xeyli məsafə var idi. Orada hündür təpəlik vardı, maşınlar onun arxasında idi. Yaralı halda ikinci şəhidi çıxarırdım. Olduğum əraziyə dayanmadan mərmi atılırdı. Həmin təpəliyə şəhidi çatdırana qədər 9 mərmi atılmışdı. Onların birinin də mənə dəyməməyi möcüzə idi. O vəziyyətdə şəhidi ərazidən çıxarmağım çətin idi. Çünki dayanmadan güllə atırdılar. Daldalanmaq üçün yer yox idi. Məqsədim bu idi ki, şəhidi oradan çıxardım, bir ananın gözü yolda qalmasın. Şəhidlə özümü qoruyub sürünə-sürünə təpəliyə doğru kilometrlərlə yol gəldim. Həmin vaxt yenidən yaralandım”.

R.Rzayev 40 dəqiqə ərzində Əhmədbəyli xəstəxanasında qaldığını, daha sonra təcili tibbi yardım maşını ilə Bakıya hərbi hospitala çatdırıldığını qeyd edib.

“Qanaxmam çox idi. 4 qabırğam qırılmışdı, şəhidi çıxaran vaxtı 2 qabırğam da qırılmışdı, mənə dəhşət ağrı verirdi. Həkimlərin dediyinə görə, çoxlu qanaxmam olmuşdu. Hazırda Sumqayıt reabilitasiya mərkəzində müalicə olunuram, fizioterapiya edirlər. Burada olan bütün xidmətlərdən yararlanıram, həkimlər bizə hörmətlə yanaşır, can yandırırlar. Sumqayıtda bir sıra dövlət xəstəxanalarında müalicə almışam. Biz orada vəzifə borcumuzu yerinə yetirdik. Bizə qarşılıqlı münasibət gözəldir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Vətən-müharibəsi   Qazi  





Xəbər lenti