Müəllimlərdən peyvənd çağırışı: “Heç nədən qorxmayın!” - FOTOLAR

  Müəllimlərdən peyvənd çağırışı:  “Heç nədən qorxmayın!” -  FOTOLAR
  04 Mart 2021    Oxunub:6848
Bu gündən Bakı şəhərinin ümumtəhsil məktəblərində 50 yaşdan yuxarı müəllimlərin və texniki heyətin COVID-19 əleyhinə vaksinasiyasına başlanılıb.
Vaksinasiya prosesi Bakı şəhərində yerləşən ümumi təhsil məktəblərində 10 peyvənd məntəqəsində (Binəqədi rayonunda - 276, Xətai rayonunda -56, Xəzər rayonunda -26, Suraxanı rayonunda – 84, Sabunçu rayonunda – 90, Səbail rayonunda – 239, Nərimanov rayonunda – 258, Nəsimi rayonunda - 14, Nizami rayonunda 129, Yasamal rayonunda 158 saylı tam orta məktəblər) həyata keçirilir.

Azvision.az -ın əməkdaşı Binəqədi rayonunda yerləşən 276 nömrəli tam orta məktəbdəki vaksinasiya məntəqəsində olub. Paytaxtın müxtəlif məktəblərindən müəllimlər bura gələrək, könüllü peyvənd olunurlar.

Peyvənd vurulan müəllimlər özlərini yaxşı hiss etdiklərini və koronavirusla mübarizədə vaksinasiyanın əhəmiyyətli olduğunu deyirlər.



83 saylı məktəb liseyin ibtidai sinif müəllimi Zemfira Quliyeva bildirib ki, vaksin vurularkən heç nə hiss etməyib:

“Heç bilmədim vaksin necə vuruldu. Məni yoxladılar, həkim müayinəsindən keçdim, sonra peyvənd otağında vaksin vuruldu. Heç bir əlavə təsir hiss etmirəm. Özümü yaxşı hiss edirəm. Bu, bizim sağlamlığımız, ətrafdakıların sağlamlığını qorumaq üçün vacibdir. İstərdim ki, hamı peyvənd vurdursun”.



83 saylı məktəb liseyin digər müəllimi Emilya Mirzəyeva da peyvənddən sonra özünü yaxşı hiss etdiyini söyləyib:

“Hər kəsə məsləhət görürəm ki, gəlib vaksinasiya olunsunlar, heç nədən qorxmasınlar. Burada pis heç nə yoxdur. Pis olsaydı, vaksini ölkəmizə gətirməzdilər”.



Riyaziyyat müəllimi Rəşid Kərimov könüllü vaksinasiyaya qoşulanlar sırasındadır. O da həmkarları kimi vətəndaşları peyvənd olunmağa dəvət edib:

“Vaksin çox rahat vuruldu. Özümü yaxşı hiss edirəm, heç bir problem yoxdur. Hər kəsi dəvət edirəm ki, sağlamlığımız üçün vaksinasiyada iştirak etsinlər”.

Qeyd edək ki, yanvarın 18-də Azərbaycanda vaksinasiyaya başlanılıb. İndiyədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 337,315 nəfər peyvəndlənmə prosesində iştirak edib.



























Aytən Zəhra
Foto: Şahin Sərdərov

Azvision.az


Teqlər: Müəllim   Vaksinasiya  





Xəbər lenti