“Əvvəlki dövr geridə qaldı, bizim də öz təzyiq metodlarımız var” - Rasim Musabəyov

  05 Mart 2021    Oxunub : 1625
“Əvvəlki dövr geridə qaldı, bizim də öz təzyiq metodlarımız var” -  Rasim Musabəyov
Xəbər verdiyimiz kimi, İtaliya Parlamentinin aşağı palatası olan Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasında “Ermənistan və Azərbaycan arasında razılaşmaların yerinə yetirilməsi vəziyyəti haqqında qətnamə” qəbul edilib.
Sənəddə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizləmə əməliyyatlarını asanlaşdırmaq məqsədilə tərəflər konstruktiv fəaliyyət göstərməyə dəvət olunub və bu xüsusda, minalanmış ərazilərin xəritələrinin verilməsi istənilib. Qətnamədə Azərbaycan tərəfinin üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirdiyi xüsusi olaraq vurğulanıb.

Belə ədalətli yanaşma digər ölkələr üçün də presedent ola bilərmi? Ümumiyyətlə, Ermənistana bu istiqamətdə hansı təzyiq mexanizmlərini işə salmaq olar.

Məsələni Azvision.az –a şərh edən Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib ki, İtaliya Parlamentində məlum qətnamənin qəbulu, minalanmış ərazilərin xəritələrinin təqdim edilməsi ilə bağlı çağırış təqdir olumalıdır. Lakin Ermənistanın buna əməl edəcəyi real görünmür.

“Bu gün ermənilərin İtaliyadan çox Azərbaycandan asılılığı var. Təsəvvür edin ki, qeyri-rəsmi məlumatlara, mənbələrə əsaslanan ermənilər hələ də döyüş meydanında mindən çox itkinlərinin olduğunu bəyan edirlər. Etirazlar və sosial mediada gedən məlumatlara əsaslansaq, iddia olunan rəqəmin real göründüyünü deyə bilərik. Bu mənada ərazilərə səpələnmiş cəsəd qalıqlarının tapıb aparılması qarşı tərəfin marağında olmalıdır. Həmin intensiv döyüşlər getmiş ərazilərin 90 faizi sayı-hesabı bilinməyən minalar, partlamamış mərmilərlə təhlükəli hala gətirilib. Təsadüfi deyil ki, müharibə yekunlaşandan sonra bizim nə qədər mülki və hərbi insanımız bu minaların qurbanı oldu. Minalı ərazilərin xəritəsi qarşı tərəfdə var və hazırda özləri də bu torpaqların tez bir zamanda təmizlənməsində maraqlı olmalıdırlar ki, yığılıb qalan cəsəd qalıqları tam şəkildə tapılaraq təhvil verilsin. Amma görünür, bizim də öz təzyiq metodlarımız var və artıq əvvəlki tək imkan vermirik ki, istədikləri vaxt bizim torpaqlarda axtarışlara başlasınlar. Xeyr. Daha əvvəlki dövr geridə qaldı, "sən xəritəni ver, mən də sənin axtarış qrupunu qanuni ərazimə buraxım" prinsipi ilə hərəkət etməliyik. Elə ən yaxşı təzyiq metodu budur”.

Rasim Musabəyovun sözlərinə görə, İtaliyanın məsələyə yanaşması ədalətlidir və Azərbaycan xalqı bunu yüksək qiymətləndirir. Deputat hesab edir ki, bir neçə dövlət təşəbbüsə qoşulsa belə, ermənilərin bundan nəticə çıxarması inandırıcı deyil:

“Çünki ermənilər bu cür təzyiq metodları ilə ağıllanan deyillər. Vaxtilə BMT-nin məlum qətnamələri qəbul olunmuşdu ki, uzun illər İrəvan belə mühüm sənədə əməl etmədi. Kobud səslənsə də deyim ki, sonda necə rədd oldular? Güc yolu ilə! Ona görə də düşünmürəm ki, İtaliyadan gələn bu cür mühüm çağırışdan sonra Ermənistanda rəhbərlər ağıllarını başlarına toplayıb, hansısa normal addım atalar. Ancaq qarşı tərəfin hazırda konkret istək və maraqları mövcuddur ki, bu istəklər müqabilində Azərbaycan da ortalığa müəyyən xəritə tələbləri qoya bilər. Buyursunlar, qarşılıqlı şəkildə əməl etsinlər. Söhbət tək cəsədlərdən getmir. Məsələn, İrəvanda iddia edirlər ki, Azərbaycan onların “hərbi əsir”lərini boş yerə saxlayır. Halbuki bu saxlanılan silahlı qruplar hərbi əsir yox, müharibədən sonra təxribatlar zamanı tutulmuş terrorçulardır. Həmin təxribatçıların geri qayıtması ilə bağlı da ciddi maraqlar mövcuddur. Yeri gəlmişkən, bunun özü də 10 noyabrda götürülən öhdəliyin pozulması faktı idi. Yəni bəyanata qol çəkilməsindən sonra qarşı tərəf bütün silahlılarını, könüllü döyüşçülərdən tutmuş orduya qədər hər biri ermənini bizim torpaqlardan çıxarmağa borclu idi. Amma necə oldusa, bu minalanmış təhlükəli ərazilərdə yeni silahlı qrup-terrorçular peyda oldu və heç biri də minaya düşmədən Ermənistan ərazisindən bizim torpaqlara keçib bir mülki şəxsi və bir neçə hərbçimizi qətlə yetirdi. Ona görə də, ermənilərin bu kimi maraqlarına qarşı öz istəyimizi ortaya qoymalıyıq”.

Deputat bundan sonra üçtərəfli bəyannamənin icrası ilə bağlı aktiv görüşlərin keçirilməsini vacib sayaraq, qarşılıqlı tələblərin burada ortaya qoyulmasının effektli olacağını düşünür. Məsələn, haqlı tələb kimi minalanmış sahələrin xəritələrinin təqdim edilməsi görüşlərdə bir nömrəli məsələ olaraq qaldırıla bilər:

“Bu, Qarabağa gələn nəhəng investorların da maraqlarında olan məsələdir ki, təmiz ərazilərdə rahat şəkildə layihələrini həyata keçirsinlər. İndiki halda ermənilər harada ki, süni məskunlaşma həyata keçirmişdilər, həmin azad olunmuş yerlərdə investorların təhlükəsiz fəaliyyəti reallaşa bilər. Amma hansı yerlər ki, xarabalığa çevirmişdilər, bu ərazilər hələ uzun müddət bizə baş ağrısı yaradacaq. Çünki ermənilər məskunlaşmadıqları həmin kənd və qəsəbələri müharibə dövründə inanılmaz dərəcədə təhlükəli sahəyə çevirib, minalamağı bacardılar. Xankəndi və digər ərazilərə yaxın torpaqlar o qədər də təhlükəli deyil. İndi ruslar da Qarabağ ermənilərinə bu istiqamətdə yardımlar edirlər. Düzdür, orada elə bir ciddi minalı sahə də yoxdur, əsasən partlamamış mərmiləri, raketləri aşkarlayıb təmizləyirlər. Ancaq digər ərazilərdə intensiv döyüşlər olub və bu torpaqlar 30 il minalarla zənginləşdirilib. İndi daha səmərəli və itkisiz təmizlik işləri aparmaq üçün ən optimal variant real xəritənin tapılmasıdır. İstisna etmirəm ki, heç ermənilər də bu aralar xəritələri tapıb rəhbərliyə təqdim edə bilmək imkanına malik olalar. Çünki bu saat Ermənistanda elə bir özbaşınalıq hökm sürür ki, nə ordunun, nə də ölkə rəhbərliyinin hansı məzhəbə qulluq etdiyi bəlli deyil. Hər bir halda bu məsələlər ciddi şəkildə müzakirə olunmalıdır. İtaliyanın mövqeyi alqışalayiqdir. Bu, Azərbaycana mühüm dəstəkdir”.

Tural Tağıyev
Azvision.az

Teqlər: İtaliya   Mina   Deputat   Təzyiq