Pakistan və Əfqanıstandan əsl dost dəstəyi

Pakistan və Əfqanıstandan əsl dost dəstəyi
  05 Mart 2021    Oxunub:5706
Azərbaycanın 44 günlük Vətən müharibəsi ilə öz ərazi bütövlüyünü bərpa etməsi bizə dost və tərəfdaş olan ölkələri sevindirdi.
İkinci Qarabağ müharibəsi zamanı bir çox təzyiqlər və bəzi ölkələrin ədalətsiz mövqelərinə cavab olaraq, haqq mübarizəmizi dəstəkləyən, yanımızda olduğunu göstərən dövlətlər də az olmadı. Bütövlükdə beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü təmin etməsini alqışladı.

Müharibədən qalibiyyətlə ayrılan ölkəmizə hələ də təbrik və dəstək bəyanatları gəlməkdədir. Belə siyasi və mənəvi dəstək əsasən dost, qardaş, bizə tarixən yaxın olmuş ölkələrdən gəlir. Bu sırada Türkiyə və Pakistanla yanaşı Əfqanıstanın da adını çəkmək olar.

Əfqanıstanla Azərbaycanı tarixi tellər bağlayır. Uzun illər silahlı toqquşmalardan əziyyət çəkmiş bu ölkə Qarabağ münaqişəsi zamanı və müharibədən sonra ədalətin, haqq işinin yanında olduğunu nümayiş etdirdi. Bu xüsusda bir neçə xatırlatmanı, dost ölkədən gələn bəyanat və addımları qeyd etmək yerinə düşər.

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani ötən ilin dekabr ayında Prezident İlham Əliyevə doğum günü münasibətilə ünvanladığı məktubda yazıb:

“Bu il Sizin 17 illik müdrik və uzaqgörən liderliyiniz sayəsində Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı tarixi qələbələrin qazanıldığı uğurlu bir ildir.”

Eyni zamanda Prezident İlham Əliyev dekabrın 21-də Əfqanıstan İslam Respublikasının milli təhlükəsizlik müşaviri Hamdullah Mohibi və Prezident Administrasiyasının rəhbəri Mohammad Şakir Kargarı qəbul edərkən Əfqanıstan Prezidentinin münaqişənin ilk günlərindən Azərbaycana verdiyi siyasi dəstəyi və Əfqanıstanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndirib.

Bundan başqa, ötən il dost ölkədən Qarabağ münaqişəsi ilə bağlı bir neçə mühüm bəyanat və çağırışlar gəlmişdi ki, bunlar da Azərbaycan dövləti və xalqı üçün mühüm əhəmiyyət daşıyır.

İşğalçının deyil, öz tarixi torpaqlarını əsl sahibinə qaytaran Azərbaycan Ordusunun yanında olmaq yalnız alqışlanmalıdır. Əfqanıstan Xarici İşlər Nazirliyinin “Dağlıq Qarabağ regionu beynəlxalq aləmdə Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Əfqanıstan Dağlıq Qarabağın işğalına son qoyulmasını tələb edir, Azərbaycan xalqının, Azərbaycan hökumətinin və dünyanın digər ölkələrinin bununla əlaqədar səylərini dəstəkləyir” bəyanatı isə rəsmi Kabilin Bakıya verdiyi önəmin, yüksək dəyərin bariz nümunəsidir.



Həmçinin İkinci Qarabağ müharibəsinin ən gərgin vaxtlarında, oktyabr ayında Əfqanıstan Milli Şurasının Yuxarı və Aşağı palataları Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədikləri barədə bəyanatlar qəbul etdilər ki, bu dost dəstəyini Azərbaycan xalqı heç vaxt unutmayacaq.

Xatırladaq ki, hər iki palatanın bəyanatında Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi hücumları qətiyyətlə pislənilib, ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün dəstəkləndiyi vurğulanıb.

Əfqanıstan Milli Şurasının Yuxarı Palatası və Aşağı Palatası Ermənistanla Azərbaycan arasındakı hərbi toqquşmalar dövründə ermənilərin törətdikləri insanlıq əleyhinə cinayətlərlə bağlı, Azərbaycanın Xocalı şəhərinə və ümumiyyətlə, Dağlıq Qarabağ bölgəsinə dəymiş ziyanla bağlı dərin narahatlıqlarını ifadə edərək həlak olanların yaxınlarının kədərinə şərik olduqlarını bildirib, həmçinin bu hadisələrin günahkarlarının mühakimə olunması istəyini ortaya qoymuşdu.

Bəyanatlarda vurğulanırdı ki, Əfqanıstan Milli Şurası BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin ən qısa zamanda icrasına çağırır və Azərbaycanla Ermənistan arasında problemin birdəfəlik həllini istəyir.

Əfqanıstan dəfələrlə ərazi bütövlüyümüzə, münaqişənin həlli istiqamətində atılan addımlara dəstək ifadə edib ki, bütün bunlar Azərbaycan tərəfindən təqdir olunur.

Bu gün bütün dünyaya məlumdur ki, Azərbaycana Türkiyə qədər yaxın olan ikinci qardaş ölkə Pakistandır. Bu sözdə deyil, əməldə də sübut olunmuş bir faktdır. Təsadüfi deyil ki, uzun illər Qarabağda işğala son qoyulması ilə bağlı Türkiyədən sonra Ermənistana ən sərt təpki göstərən ikinci ölkə məhz Pakistan olub. Vətən müharibəsi zamanı da Pakistan xalqı, dövləti bütün sferalarda Azərbaycanın yanında olduğunu nümayiş etdirdi. Ötən il sentyabrın 27-si və 28-də - müharibənin ilk günlərində Əfqanıstanla bərabər qardaş Pakistan Ermənistanı işğala son qoymağa, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini icra etməyə çağırdı və bir daha Azərbaycanın ərazi bütövlüyünə öz dəstəyini ifadə etdi.

Xatırladaq ki, Pakistan Xarici İşlər Nazirliyi Ermənistanın təxribatlarını müharibənin ilk günündə pisləməsi Azərbaycan siyasi dairələrində müsbət qarşılanmışdı. Sentyabrın 27-də XİN-in yaydığı bəyanatda deyilir:

“Erməni silahlı qüvvələri tərəfindən sentyabrın 27-də Azərbaycanın Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının kəndlərinin mülki əhalisini intensiv atəşə tutmasını qınayırıq və bu, növbəti təxribatdır. Bu, bütün bölgənin sülh və təhlükəsizliyi üçün ciddi təhdiddir. Pakistan qardaş Azərbaycan xalqının yanındadır və onun ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı olan qətnamələrinə əsaslanan mövqeyini dəstəkləyirik”.

Müharibə dövründə Azərbaycanla həmrəyliyini nümayiş etdirən qardaş ölkədən müxtəlif səviyyələrdə siyasi çağırışların edilməsi mühüm hadisədir. XİN-nin məlum açıqlamasının ardınca sentyabrın 30-da Pakistan Senatının rəsmi “Twitter” səhifəsində Azərbaycana dəstək bəyanatı paylaşıldı. Təbii ki, sosial medianın dövrümüzdə hansı əhəmiyyətə malik olduğunu düşünsək, dost ölkənin bu istiqamətdə - informasiya cəbhəsində yanımızda olduğunu görmək ürəkaçan mənzərə idi.



Bununla yanaşı, Pakistanın Baş naziri İmran Xan oktyabrın 18-də Azərbaycana açıq dəstəyini ifadə etdi. O rəsmi “Twitter” səhifəsindəki paylaşımda yazmışdı:

“Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidentinə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Ölkələrinin ərazi bütövlüyünü şücaətlə qoruyan Azərbaycan Silahlı Qüvvələrinə ehtiramımızı bildiririk. Pakistan Dağlıq Qarabağ məsələsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həllində Azərbaycanı dəstəkləyir”.

Bu mühüm dəstəkdən 10 gün sonra, oktyabrın 28-də Pakistan Milli Assambleyası bir çox ölkələrə nümunə olacaq addım atdı. Döyüşlərin gərgin vaxtlarında Milli Assambleya Ermənistanın Azərbaycana qarşı təcavüzünü və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı qəddar hücumlarını qəti pisləyən qətnamə qəbul etdi.

Qələbədən sonra da Pakistan xalqı Azərbaycan xalqı qədər sevinc hissi yaşadığını gizlətmədi. Bu özünü rəsmi bəyanat və açıqlamalarda da göstərdi. Belə ki, noyabrın 11-də Pakistan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ regionunda hərbi əməliyyatların dayandırılmasını alqışlayan açıqlama yaydı.

Noyabrın 16-da isə Pakistanın Baş naziri İmran Xan bu ölkənin yerli televiziya kanallarından birinə müsahibəsində olduqca önəmli fikirlər səsləndirdi:

“Azərbaycan Silahlı Qüvvələri nümunəvi şücaət göstərib. Qarabağ mübahisəli ərazi deyil. Bütün dünya Qarabağın Azərbaycana məxsus olduğunu qəbul edir və onu bu ölkənin ərazisi kimi tanıyır. Azərbaycanlılar öz əzəli torpaqlarını geri qaytardılar”.

Eyni zamanda dekabrın 30-da Pakistan Prezidenti və birinci xanımı Heydər Əliyev Fondunun dəstəyi ilə İslamabadda fiziki qüsurlu şəxslər üçün keçirilən əlil arabalarının təqdim olunması mərasimində iştirakı zamanı tariximizin ən böyük nailiyyətlərindən olan Qarabağ zəfərini unutmadı. Ölkə başçısı qardaş ölkənin öz torpaqlarını işğaldan azad etməsi və təcavüzkar Ermənistan üzərində qələbə qazanması münasibətilə Azərbaycan hökumətinə və xalqına təbriklərini ünvanlayaraq, xüsusi təbriklərinin Azərbaycan Prezidentinə çatdırılmasını xahiş etdi.

Pakistanla sıx təmaslarımız fonunda qardaş ölkədən gələn xoş bəyanat və fikirləri görmüş olduq. Yanvarın 14-də xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfəri çərçivəsində Baş nazir İmran Xan ilə görüşündə Pakistan rəhbəri əldə etdiyi qələbə münasibətilə Azərbaycanı bir daha təbrik edərək, bu xüsusda səmimi arzularının Prezident İlham Əliyevin diqqətinə çatdırılmasını xahiş etdi. Qələbənin Pakistan xalqı tərəfindən yüksək qiymətləndirildiyini qeyd edən Baş nazir bu hadisəni Pakistan xalqının Azərbaycanla birgə qeyd etdiyini bildirdi.

Eləcə də XİN rəhbəri Ceyhun Bayramov həmin gün Pakistan Prezidenti Arif Alvi ilə keçirdiyi görüşündə oxşar xoş arzu və təbrikləri aldı. Söhbət əsnasında Arif Alvi Azərbaycanın ərazilərinin işğaldan azad olunması və əldə olunan Qələbə münasibətilə Azərbaycan xalqına xüsusi təbriklərini çatdırdı.

Daha sonra - martın 4-də keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısında qardaş ölkə tarixi uğurumuzu, böyük qələbəmizi unutmadı. Zirvə toplantısına sədrlik edən Pakistanın Baş naziri İmran Xan sammit iştirakçılarını salamladıqdan sonra Azərbaycanın Qələbəsi münasibətilə təbriklərini çatdıraraq dedi:

“Mən Azərbaycanın işğal olunmuş ərazilərinin müvəffəqiyyətlə azad edilməsi münasibətilə Prezident İlham Əliyevi xüsusilə təbrik etmək istəyirəm”.

Əlbəttə, Azərbaycan-Pakistan, eləcə də Azərbaycan-Əfqanıstan münasibətlərində dostluq bağları haqqında xeyli sayda faktlar göstərmək olar. Müstəqilliyin ilk illərindən qardaş dəstəyi göstərən bu dost ölkələrlə əlaqələrin yaxın gələcəkdə daha da sıxlaşacağı şübhə doğurmur. Uğurlarımıza, qələbəmizə, ərazi bütövlüyümüzün təmin olunmasına bizim qədər sevinən bu xalqların, dövlətlərin tarixi jestləri də heç vaxt unudulmayacaq.

Tural Tağıyev
Azvision.az


Teqlər: Pakistan   Əfqanıstan  





Xəbər lenti