ÜST koronavirusun bitəcəyi tarixi açıqladı

 ÜST koronavirusun bitəcəyi tarixi açıqladı
  05 Mart 2021    Oxunub:4577
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bölməsinin rəhbəri Hans Klyuge 2021-ci ilin də "koronavirus ili" olacağını bəyan edib.
Azvision.az “RİA Novosti”yə istinadla xəbər verir ki, o, pandemiyanın sona çatmasının 2022-ci ilin əvvəlinə gözlənildiyini vurğulayıb.

"2021-ci ilin "COVID ili" olacağını düşünürəm. Ancaq bu, daha proqnozlaşdırıla bilən və idarəedilən olacaq. 2020-ci ildə elmi və siyasi qeyri-müəyyənlik var idi. Bir il sonra daha çox şey bilirik. Alətlərimiz, diaqnostik proqramlarımız, peyvənd var. Mənim üçün işimdə əvvəlcədən plan qurmaq vacibdir. Ona görə də pandemiyanın 2022-ci ilin əvvəlinə qədər bitəcəyini düşünürəm, amma bu, virusun yox olacağı anlamına gəlmir. Bununla belə, ümid edirəm ki, o vaxta qədər müdaxilələrə ehtiyac qalmayacaq".

ÜST rəsmisi Avropa həmrəyliyinə ehtiyac olduğunu əlavə edib: "Zəngin bölgələrin peyvənd alıb, digərlərinin almamasına yol vermək olmaz”.

Ölkələrin məhdudiyyətləri necə qaldıracaqlarının çox vacib olduğunu deyən Klyuge bildirib ki, hər şey çox tez baş verərsə, əvvələ qayıdacağıq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID  





Xəbər lenti