Ermənisayağı Ro.Kki: İkinci raund – Şərh

   Ermənisayağı Ro.Kki: İkinci raund –    Şərh
  06 Mart 2021    Oxunub:2751
Ermənistanın keçmiş prezidenti Robert Koçaryan yenidən meydana çıxaraq, Rusiya mediası üçün geniş mətbuat konfransı keçirib. Sanki dejavü görürük – axı bir ay əvvəl də eyni şey olmuşdu. Koçaryan qəfildən meydana çıxmış, seçkidə iştirak edəcəyini demiş, sonra isə geri çəkilmişdi. Elə isə, onun bu ikinci zühuru nə ilə bağlıdır?
Prosesləri AzVision.az üçün şərh edən Strateji Kommunikasiyalar Mərkəzinin sədr müavini Əli Abdullayev diqqəti iki məqama yönəltməyi vacib hesab edir.

- Rusiya mətbuatının Robert Koçaryana az qala ölkə rəhbəri kimi yanaşması və mətbuat konfransını geniş işıqlandırması Kremlin artıq kimi dəstəkləyəcəyinə qərar verdiyini göstərir,- deyə ekspert bildirib. - Paşinyanın hakimiyyəti dövründə qərbmeylli siyasətin yürüdülməsi nəticəsində Rusiyanın Ermənistanda mövqelərinin zəifləməsi, hətta müharibədən sonra belə, indiki administrasiyanın Rusiya ilə yaxınlaşmağa həvəs göstərməməsi Koçaryanın Moskvadan dəstək almasına təsir göstərmiş ola bilər.

Ekspert qeyd edib ki, Koçaryanın mətbuat konfransında Rusiya ilə inteqrasiyanın vacibliyini vurğulaması kontekstində rəsmi Kremlin ondan böyük vədlər aldığını güman etmək olar: “Nikol Paşinyanın Qərb, xüsusilə Fransa ilə münasibətləri inkişaf etdirməyə səy göstərməsi və Fransanın Ermənistan ordusunun yenidən qurulmasında rol oynamağa marağı Rusiya üçün Qərb ölkələrinin regiona daxil olması istiqamətində bir təhdiddir və Ermənistanda indiki administrasiyanın hakimiyyətdə qalma şanslarını azaldır. Rusiya müharibədən sonra erməni xalqında özünə qarşı yaranan rəğbətdən istifadə edərək, əhalini Koçaryanın ətrafında birləşməyə çalışır”.
Robert Koçaryanın oğluna 1 aylıq həbs cəzası kəsildi

Mətbuat konfransında Koçaryanın 10 noyabr bəyanatını qəbul etdiyini, lakin bu sənədin Ermənistan üçün daha uyğun şərtlərlə imzalana bilməsinin mümkünlüyünü vurğulaması da onun hakimiyyətə gələcəyi təqdirdə Rusiyanın mövqeyinə zidd addım atmayacağına işarədir.

- Müşahidələrimiz göstərir ki, son aylarda Robert Koçaryanın hakimiyyəti dövründəki müxtəlif sahələr üzrə göstəricilər sosial şəbəkələrdə tez-tez Sarkisyan və Paşinyanın dövründəki müvafiq göstəricilərlə müqayisə edilərək, üstünlük birinciyə verilir. Həmçinin, Koçaryanın adının yer aldığı sorğular təşkil edilir və əhalinin münasibəti öyrənilir. Bütün bunlar artıq Koçaryanın təbliğat-təşviqat işinin aparıldığını deməyə əsas verir,- deyə Əli Abdullayev bildirib.

Amma məsələnin ikinci tərəfi də var: Ermənistan əhalisi Paşinyana inanmadığı qədər müxalifətə, o cümlədən, artıq bir dəfə hakimiyyəti altında yaşadığı və narazı qaldığı Koçaryana da inanmır. Ekspertin fikrincə, xalqın hadisələrə bu cür münasibəti meydana tamamilə yeni siyasi fiqurun çıxmasını da şərtləndirə bilər.

T.Həsənov



Teqlər: Koçaryan   Ermənistan   Paşinyan  





Xəbər lenti