“YAP-dakı dəyişikliklər yeni siyasi reallıqla bağlıdır”

“YAP-dakı dəyişikliklər yeni siyasi reallıqla bağlıdır”
  06 Mart 2021    Oxunub:3538
Xəbər verdiyimiz kimi, dünən Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı keçirilib. Qurultayda bir sıra mühüm qərarlar qəbul edilib, partiyanın yeni rəhbər heyəti formalaşıb.
Partiyanın yeni formalaşan Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Elman Nəsirov Azvision.az -a açıqlamasında deyib ki, YAP-da bəzi dəyişikliklərin baş verməsi ölkədə yaranmış yeni siyasi reallıqlarla bağlıdır:

“Yeni Azərbaycan Partiyasının sayca VII qurultayının keçirilməsi ölkəmizdə yaranmış yeni reallıqlardan qaynaqlandı. Bir neçə ay öncə müzəffər Azərbaycan Ordusu ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində tarixi zəfərə imza ataraq beynəlxalq hüququ bərpa etdi. Ölkəmiz yeni tarixi reallıqlar yaratdı. Şübhəsiz ki, yeni reallıqlar da yeni şərait yaradıb, ortaya yeni yanaşmalar qoyaraq, Azərbaycanın qarşısında yeni strateji vəzifələr müəyyən edib. Həmin vəzifələrin icra edilməsi üçün ölkənin siyasi sisteminin mərkəzi elementi olan YAP-ın üzərinə böyük məsuliyyət düşür. Məhz bu məsuliyyətdən irəli gələrək ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında YAP-ın qurultayı keçirildi. Bildiyiniz kimi, bu qurultayın gündəliyinə beş məsələ daxil edilmişdi ki, burada da birinci məqam yeni nizamnamənin qəbulu ilə bağlı idi. Yeni nizamnaməyə görə, artıq partiyanın Siyasi Şurası, icra katibi vəzifəsi ləğv edildi. Eyni zamanda, partiyanın yeni İdarə Heyəti formalaşdı. Əvvəllər burada 20 nəfər təmsil olunurdusa, bu dəfə artıq say iki dəfə artırıldı”.



Elman Nəsirovun fikrincə, əsas məqsəd odur ki, YAP yeni reallıqlar fonunda qərarların qəbulunda çevik, operativ olsun, icra mexanizmi təkmilləşsin:

“Bu prosesdə şəffaflıq məsələləri çox böyük önəm kəsb edir. Cənab Prezident də həmişə vurğulayır ki, şəffaflıq hər bir dövlətin inkişafının göstəricisidir. Bu nöqteyi-nəzərdən hakim Yeni Azərbaycan Partiyası da məsələyə çox böyük diqqətlə yanaşır. Ölkə Prezidenti şəffaflığın təminatı, rüşvətxorluq və korrupsiyaya qarşı mübarizə məsələlərini prioritet məsələlər kimi elan edib. Bu prizmadan yanaşdıqda, partiyanın rəhbər orqanlarından biri kimi Təftiş Komissiyasının formalaşması böyük əhəmiyyət kəsb edirdi. Əvvəlki qurultayda 15 nəfərlik Təftiş Komissiyası formalaşdırılmışdısa, bu dəfə onların sayı 13-ə endirildi. Mən də həmin komissiyanın tərkibindəyəm. Nəhayət, ilk dəfə idi ki, partiyanın tərkibində Veteranlar Şurası formalaşırdı. Əvvəllər belə bir qurum olmayıb. Məqsəd budur ki, partiyanın təcrübəli üzvləri, YAP-ın rəhbər qurumlarından xüsusilə yaşa görə çıxarılmış insanlar yenidən bir yerdə olsunlar və onların gənclərlə təmasları qurulsun. Həmçinin məqsəd onların gəncləri ölkəmizdə gedən mühüm siyasi proseslər haqqında maarifləndirməsi, gənclərlə YAP-ın yaşlı nəsli arasında bu kimi bağlantıların qorunub saxlanmasıdır. Yəni nəslin estafeti amili önə çıxır ki, bu proseslərin sağlam təməl üzərində həyata keçirilməsi də çox önəmli məsələlərdir. Bu prizmadan çıxış edərək 35 nəfərlik Veteranlar Şurası yaradıldı, YAP-ın veteranlarından olan Arif Rəhimzadə sədr seçildi”.

Deputat deyir ki, qurultay həm də 6 siyasi partiyanın YAP rəhbərliyinə müraciət etməsi ilə yadda qaldı. Digər siyasi təşkilatların hakim partiya ilə bir sırada olmaq istəyi, onların ideologiyasını qəbul etmələri çox mühüm məqamdır:

“Bir neçə partiya əvvəldən belə niyyətlərinin olduğunu açıq şəkildə ortaya qoymuşdu. Onların rəhbərləri qurultaya dəvət edildi, sonda bu istək nəzərə alındı. Bununla YAP həm kəmiyyət, həm də keyfiyyət baxımından daha da təkmilləşmiş oldu. Bu məqam onu göstərir ki, YAP-ın cəlbetmə əmsalı daha da artıb. Ayrı-ayrı siyasi qurumlar öz gələcək talelərini bu böyük partiya ilə həmrəylikdə, birləşməkdə görürlər. Bu gün partiya üzvlərinin 40 faizindən çoxunu gənclər təşkil edir. Hazırda gənclərin partiyaya böyük axını var. Qısası, 7-ci qurultayı tarixilik baxımdan fərqli bir qurultay saymaq olar. Bu qurultay yeni reallıqlar fonunda baş tutdu. Azərbaycanın qarşısında dayanan taleyüklü yeni vəzifələrin həyata keçirilməsində, Qarabağın bərpası və quruculuğu proseslərində YAP üzvlərinin, xüsusən də gənclərin daha böyük töhfəsi olacaq. Cənab Prezidentin qeyd etdiyi kimi, gənclər Vətən müharibəsində böyük töhfələr verdilər ki, onların da bir çoxu YAP-ın üzvləridir. Bu, çox əlamətdar hadisədir”.

Tural Tağıyev
Azvision.az


Teqlər: YAP  





Xəbər lenti