Qazilərimiz israilli həkimlərin sayəsində şəfa tapırlar

Qazilərimiz israilli həkimlərin sayəsində şəfa tapırlar
  06 Mart 2021    Oxunub:3802
Azərbaycan paytaxtına gələn israilli həkimlərdən ibarət nümayəndə heyəti ötən il Dağlıq Qarabağda Vətən müharibəsində yaralanmış 150 Azərbaycan əsgərinə bir həftə ərzində yardım göstərib. Humanitar briqadaya oftalmoloqlar, nevroloq və digər həkimlər daxil idi.
Azvision.az “Vesti. İzrail po-russki” saytına istinadla xəbər verir ki, İsraildən uçuş Ben-Qurion hava limanının bağlanması və xüsusi hallar üzrə komissiyadan (“vaadat-xarigim”) icazənin alınmasının vacibliyi kimi bir sıra çətinliklərlə müşayiət olunub. Nümayəndə heyəti Bakıya uçmaq üçün şəxsi təyyarədən istifadə edib, Bakıda onlara İsrail səfirliyi kuratorluq edirdi.

İsrailli həkimlər Azərbaycan hakimiyyət orqanları tərəfindən bir ay müddətinə dəvət olunublar. Aksiyaya yerli xeyriyyə fondu sponsorluq edir. Nümayəndə heyəti Bakıya gələnə qədər 100-dən artıq xüsusi göz protezi hazırlanmışdı.

Bütün əməliyyatlar Azərbaycanda ən qabaqcıl tibb ocaqlarından biri olan Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində keçirilir. Nümayəndə heyətinin rəhbəri doktor İşay Palikin sözlərinə görə, israilli həkimlər dəhşətli dərəcədə yaralanmış, üzlərinin eybəcər hala düşməsi səbəbindən evdən bayıra çıxa bilməyən gəncləri müayinə ediblər. İsrailli həkimlərin əsas məqsədi pasiyentlərə görmə qabiliyyətini qaytarmaq, cərrahi müdaxilə mümkün olmadığı hallarda isə onlara göz protezləri qoymaq, bununla da gənclərin yaralanmadan əvvəlki görünüşə və normal həyata qayıtmasına imkan vermək idi.

Zərər çəkənlərin bir qisminin görmə qabiliyyəti demək olar ki, tamamilə bərpa edilib. Arif Hacıyev mərmi ilə yaralanıb, nəticədə görmə qabiliyyətini itirib. O, yalnız işığı qaranlıqdan seçə bilirdi. Bir neçə saat davam edən əməliyyatdan az sonra o, yenə kitab oxuya bilir.

Nümayəndə heyətinin rəhbəri doktor Palik deyib: “İnsana görmə qabiliyyətini qaytarmaq böyük missiyadır. Mən fəxr edirəm ki, İsrailin səhiyyə sistemi belə mürəkkəb dövrdə humanitar aksiyalar təşkil etməyə qadirdir. İsrailli həkimlərin yaralılara kömək məqsədilə Bakıya səfəri xeyirxahlıq və mərhəmət nümunəsidir”.

İsrailli həkimlərin hamısı Bakıya könüllü surətdə gəliblər. Onlar bu aksiyada iştirak etməkdən ötrü İsraildə özlərinin özəl klinikalarını müvəqqəti olaraq bağlayıblar.

İsrailli həkimlərin bu xeyirxah işi Azərbaycanda və digər ölkələrdə xoş münasibətlə qarşılanıb.

Azvision.az



Teqlər: Qazi   İsrail   Həkim  





Xəbər lenti