Diplomatlar Qubadlıya səfər ediblər - FOTOLAR

 Diplomatlar Qubadlıya səfər ediblər -  FOTOLAR
  07 Mart 2021    Oxunub:6142
Martın 6-da Azərbaycandakı diplomatik korpusun rəhbərləri, hərbi attaşelər və jurnalistlər Ermənistan işğalından azad edilmiş Qubadlı rayonunda olublar. Səfər Prezident İlham Əliyevin tapşırığına əsasən reallaşıb.
Diplomatları və hərbi attaşeləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, ADA Universitetinin rektoru Hafiz Paşayev və digər rəsmi şəxslər müşayiət ediblər.

Prezidentin köməkçisi Hikmət Hacıyev Qubadlı rayonunun mərkəzində səfər iştirakçılarını erməni vandalizminin acı nəticələri barədə məlumatlandırıb. Qeyd edib ki, rayon işğal dövründə yerləbir edilib, hətta onun mərkəzinin harada yerləşdiyini müəyyən etmək belə çətindir. Yaşayış binaları dağıdılıb, yalnız işğal dövründə hərbi məqsədlər üçün Ermənistan tərəfindən istifadə olunan binalar tikilib.

Hikmət Hacıyev vurğulayıb ki, Qubadlının və Zəngilanın işğalı çox çətin şəraitdə baş verib. Cəbrayıl və Füzuli işğal olunduğu üçün bu rayonlarda yaşayan insanların rayonu tərk etməsi çətin idi, onlar mühasirəyə alınmışdılar. Belə bir şəraitdə mülki əhalinin çox hissəsi Araz çayı üzərində İranın yaratdığı humanitar dəhliz vasitəsilə çıxmaq məcburiyyətində qaldılar. Onların bir çoxu da Araz çayında həyatlarını itirdilər. Bu da Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı işğal prosesi çərçivəsində törətdiyi qırğın siyasətinin tərkib hissəsi idi. Ekspertlər Qubadlıda olub və burada törədilən dağıntıları qiymətləndiriblər.



Qubadlıda çoxsaylı dini-mədəni abidələrin olduğunu deyən Hikmət Hacıyev diqqətə çatdırıb ki, bu abidələrin hamısı dağıdılıb. “Mən Cəbrayılda dağıdılan qəbiristanlıqlar barədə də danışmaq istərdim. Evlərin, qəbiristanlıqların məqsədli şəkildə dağıdıldığının şahidiyik, - deyə o əlavə edib.



Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov 1993-cü ildə Xarici İşlər Nazirliyinin əməkdaşı olaraq Qubadlıya son səfəri barədə danışıb. Bildirib ki, əhalinin əksəriyyəti həmin dövrdə rayonu tərk etmək istəmirdi. Rayon coğrafi baxımdan çox strateji yerdə yerləşir. Qubadlı 1988-ci ildə Ermənistandan qovulan azərbaycanlıları qəbul edən ilk rayonlardan biri idi. Əhali rayonu müdafiə edirdi, lakin həm Qarabağdan, həm də Ermənistan ərazisində yerləşən Qafan şəhərindən davamlı artilleriya atəşinə məruz qalan qubadlılılar həyatlarını xilas etmək üçün öz evlərini tərk etməyə məcbur oldular.

O deyib ki, Qubadlının əhalisi təxminən 29 min nəfər idi, lakin keçən illər ərzində rayonun əhalisinin sayı artaraq 40 mini keçib.







Azvision.az


Teqlər:





Xəbər lenti