Millət vəkili Berlində Xocalı tədbirinə qatılıb

Millət vəkili Berlində Xocalı tədbirinə qatılıb
  24 Fevral 2014    Oxunub:1550
Almaniyanın paytaxtı Berlində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) və Berlin-Brandenburq Atatürkçü Düşüncə Dərnəyinin (ADD) təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Berlin Türk Evində baş tutan tədbirdə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevlə yanaşı Azərbaycanın Almaniya Federativ Respublikasındakı fövqaladə və səlahiyyətli səfiri cənab Pərviz Şahbazov, Türkiyə Cumhuriyyətinin Almaniyadakı Başkonsulu cənab Ahmet Başar Şen, tarixçi alim Dr. Qasım Hacıyev, yazıçı və jurnalist xanım Səriyyə Cəfərova, Almaniyada yaşayan Azərbaycan və Türkiyə vətəndaş cəmiyyətlərinin nümayəndələri iştirak ediblər.

Millət vəkili Azay Quliyev belə bir tədbiri təşkil etdikləri üçün təşkilatçılara öz minnətdarlığını bildirib və bu cür tədbirlərin əhəmiyyətindən söz açaraq Xocalını ildə bir dəfə deyil, il boyu anılmasının və dünya ictimaiyyətinin diqqətində saxlanılmasının vacibliyini vurğulayıb.

O, fevralın 25-də Türkiyə və Azərbaycan QHT-lərinin Xocalı Soyqırımı ilə bağlı birgə bəyanat vercəyi barədə razılığa gəldiklərini bildirib və Almaniyadakı QHT-ləri də bu bəyanata dəstək vermələrinə çağırıb. Azay Quliyev onu da bildirib ki, ermənilər qondarma erməni soyqırımının 100 illiyini qeyd etmələri ərəfəsində Xocalı soyqırımını gündəmdə saxlamaq olduqca vacibdir.

Millət vəkili həmçinin, Şuranın UEFA-ya, Qalatasaray və Çelsi futbol klublarına 26 fevral 2014-cü ildə İstanbulda UEFA Çempionlar liqası çərçivəsində baş tutacaq Qalatasaray-Çelsi oyununda Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini və oyunçuların qollarına qara qolbaq bağlayaraq meydançaya çıxmaları barədə müraciətini diqqətə çatdırıb və Atletiko Madrid futbol kulubunun bu ərəfədə baş tutacaq oyununda Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edəcəyi və qollarına qara qolbaq bağlayacaqları barədə qərar qəbul etdiyini və bunun çox mühüm bir hadisə olduğunu söyləyib.

Tədbirdə həmçinin, Heydər Əliyev Fondu tərəfindən çəkilmiş Xocalıya həsr edilmiş sənədli film də nümayiş olunub.


Teqlər:





Xəbər lenti