Xüsusi təyinatlı qazi: “Erməni əsgərlər meyitlərin altında gizlənirdilər” - VİDEO

 Xüsusi təyinatlı qazi:  “Erməni əsgərlər meyitlərin altında gizlənirdilər” -  VİDEO
  11 Mart 2021    Oxunub:20991
Vətən müharibəsində Azərbaycanın yeni qələbə tarixini yazan qəhrəmanlarımızdan biri də baş çavuş Elnur Cəfərovdur. O, 1990-ci ildə Kürdəmir rayonunun Qarasaqqal kəndində anadan olub. 9 il Daxili Qoşunların N saylı hərbi hissəsində xüsusi təyinatlı dəstədə xidmət edib. Vətən müharibəsində Murov, Cəbrayıl, Füzuli uğrunda döyüşüb. Oktyabrın 6-da Cəbrayıl şəhərində ağır yaralanaraq təxliyə edilən baş çavuş “Cəbrayılın azad olunasına görə”, “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Döyüş yolu barədə Azvision.az -a danışan qazi müharibəyə Kəlbəcər istiqamətindən başladığını deyib.



Elnur Cəfərov:”Döyüşlərdə bir məqsədimiz var idi: 30 illik həsrətə son qoyaq və verdiyimiz şəhidlərin qisasını alaq. Mən şükür edirəm ki, müharibədən üzüağ çıxdıq, qalib əsgər kimi döndük. Birinci döyüşüm sentyabrın 27-si səhər saat 5-6 radələrində Kəlbəcər istiqamətindən başladı. Murova Goranboyun Ağcakənd qəsəbəsindən qalxdıq. Bir xeyli yol gedəndən sonra Camışdağda artilleriya maşınlarımızı vurmasın deyə yolumuza piyada davam etdik. Ermənilərin bizim gəlişimizdən xəbərləri yox idi. Səhər saat 5-də koordinatları GPS vasitəsi ilə aviasiyaya ötürdük. Onların postları vurulduqdan sonra biz hərəkətə keçdik. 3800 metr dəniz səviyyəsindən yuxarıda idik və havasızlıqdan əziyyət çəkirdik. Lakin hər kəs o əziyyətə, zülmə qatlaşırdı. 30 il ərzində elə bir güclü istehkam maneələri düzəltmişdilər ki, heç bir qüvvə ora girə bilməzdi. Ancaq düşmən Azərbaycan əsgərinin gücünü gördü. Ermənilərin ən çox itkisi Kəlbəcər və Füzuli döyüşlərində oldu.



Bizim dəstə Murovda 5 gün döyüşdükdən sonra növbəti əmrlə Füzuliyə doğru irəlilədi. Ora Cocuq Mərcanlı kəndindən daxil olduq və ermənilərin birinci eşalonunu dağıtdıq. Hər iki kilometrdən bir onların postları var idi. Hamısını rahatlıqla məhv etdik. Birinci eşalon dağıdılandan sonra ermənilər artıq məğlubiyyətlə barışmışdılar. Doğrudur, nəsə etməyə can atırdılar, amma alındıra bilmirdilər.

Füzuli şəhərinə çatmağımıza az qalmış bizə məlumat verildi ki, Cəbrayıla daxil olmalıyıq. Şəhərdən iki kilometr aralı, üzü dağ tərəfdə düşmənin artilleriya taborunun 3 mərtəbəli binası var idi. Bir qrupla həmin postu dağıtdıq və şəhərin kənarındakı təminat yolunu tutduq. Axrıncı postları məhv edib, arxaya çəkiləndə snayper atışına məruz qaldıq. Cəbrayılda demək olar ki, binaların hamısının içində snayper var idi. Oktyabrın 6-sı saat 5 radələrində dərə yatağını qalxdığımız zaman ermənilərin 50 metr məsafədən 80 nəfərlik heyəti tərəfindən pusquya düşdük. Yerin altından, arxa tərəfimizdən çıxdılar. Yoldaşlarımdan ilk 3 nəfər dərəni adlayıb keçdi. Onlara güllə atsalar da dəymədi. Növbəti 6 nəfər dərəni qalxanda bizi pulemyotla vurdular. Sağ ayağımın sümüyü sındı və yerə yıxıldım. Başımı qaldırdım ki, hamı inildəyir. Ayağa durub qaçmaq istədim, ancaq topuğum sınmışdı deyə hərəkt edə bilmədim, yıxıldım. İkinci dəfə cəhd edib sol ayağımın üstündə bir təhər qaçmağa başladım. Məqsədim dərə yatağına enmək idi. Qaçdığımı görüb sol ayağımdan da vurdular. Ancaq bəxtim gətirdi ki, sümüyümə dəymədi, bud nahiyyəmi yaraladı. Növbəti güllə sağ böyrək tərəfdən girib sol tərəfdən çıxdı. Yaralıların çox olduğunu görüb minaatanla, QP- 25-lə atəş açmağa başladılar. QP-25-in qumbarası daban nahiyyəmə düşdü. Gövdə nahiyyəm qayanın arxasında idi, qəlpələr ayağıma doldu.



5 saat yaralı vəziyyətdə boş ərazidə qaldım. Hamı atışırdı, hamı mühasirəyə düşmüşdü, yaralıları və şəhidləri çıxarmaq üçün heç cür imkan yox idi. Yalnız digər dəstə bizə köməyə gələndən sonra düşmənin bütün qüvvəsi məhv edildi və biz pusqudan xilas ola bildik. Mühasirəyə düşən 16 nəfərdən 5-i sağ qaldı. Məni Füzuliyə, oradan isə Bakıya xəstəxanaya gətirdilər. Sağ ayağımın incə sümüyü yoxdur. Pulemyot vurub qırmışdı. Sürünəndə infeksiya düşmüşdü deyə ayağım çürüyürdü. Bunun qarşısını almaq üçün həkimlər ayağımın arxa əzələsini götürməyə məcbur oldular. Həmçinin dizaltı arteriyalarım və vətərlərim də sıradan çıxmışdı.

Yaralananda məni maşına yerləşdirən Polad Mədəni adlı döyüş yoldaşımızın sağ ayağını dibdən kəsmişdilər. O, uzanıqlı vəziyyətdə olanda minaatan mərmisi ayağının üstünə düşüb partlamışdı. Digər döyüşçümüz Bıçaqov isə minaya düşüb pəncə nahiyyəsini itirmişdi. Xəstəxanada onun həmin ayağını amputasiya etdilər”.



Baş çavuş döyüşdə qarşılaşdığı maraqlı məqamlardan da söz açıb:

“Ermənilər bizim rayonları işğal edəndə orada qalan qəbirlərimizin daşlarını söküb qazdıqları səngərin üzərinə düzüblər. Onun üstünə isə maşın təkərləri qoyaraq torpaqlayıblar. Beləliklə, özlərinə rahat daldalanacaq yaradıblar. Cəbrayıl istiqamətində gedən döyüşlərdə bizə qarşı Suriyadan gəlmiş muzdlu terrorçular da vuruşurdu. Onlar səssizliyə riayyət etmək məqsədi ilə ayaqqabı geyinmirdilər, yalnız corabdan istifadə edirdilər. Biz həmin terrorçulardan birini məhv edən zaman ayağından 18 cüt pambıq corab çıxdı.

Cəbrayıl döyüşlərində bizim dəstə ermənilərdən xeyli qənimət – 5 KAMAZ, 4 Ural, 3 "Satko", 5 tank, 2 BTR, 2 BMP, 4 qrad maşını, top və s. ələ keçirdi. Bütün bunlar postlar alınan müddətdə götürülmüşdü. 6 KAMAZ hərbi əsiri təhvil verdik. Erməni əsgərləri məcburiyyətdən döyüşdüklərini deyirdilər. Bildirirdilər ki, geri qayıtsalar, onları öz dövləti güllələyəcək. Qaçanda hətta silahlarını belə götürmürdülər. Peşiman olduqlarını deyirdilər, amma bizim üçün fərqi yox idi, torpaqlarımıza girmişdilərsə, məhv edilməli idilər.



Onlara çox böyük bir damğa vuruldu. Çətin ki, bundan sonra özlərinə gəlsinlər. Müharibənin axırlarında artıq düşmənin gənc əsgərləri ilə vuruşurduq. Peşəkar hərbçiləri qalmamışdı. Onlar yaralı aparan öz sanitar maşınlarını vururdular ki, yaralı və ya meyitlər gedib Ermənistana çıxmasın. Əsgər valideyinlərinin ayağa qalxmasından qorxurdular.

Sağ qalmış erməni əsgərləri canlarını qurtarmaq üçün postda yaralı və ya ölən döyüş yoldaşlarının meyitinin altında gizlənirdilər. Biz yoxlama atışları edirdik, güllə onlara dəyəndə çığırırdılar”.





Şahanə Rəhimli
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

Azvision.az


Teqlər: Qazi   Döyüşçü  





Xəbər lenti