YAP-ın tarixində yeni mərhələ - Elşad Mirbəşiroğlunun yazısı

   YAP-ın tarixində yeni mərhələ  -    Elşad Mirbəşiroğlunun yazısı
  08 Mart 2021    Oxunub:4525
Ölkəmizin ictimai-siyasi həyatında aparıcı mövqeyə sahib olan Yeni Azərbaycan Partiyasının martın 5-də keçirilmiş VII qurultayı olduqca əlamətdar bir dövrə təsadüf etdi.
Ölkəmizin həyatında keyfiyyətcə yeni bir mərhələ yaşanmaqdadır. 2018-ci il prezident seçkilərindən sonra dövlət başçımız İlham Əliyevin rəhbərliyi ilə başladılan və bütün sahələri əhatə edən sistemli islahatlar, o cümlədən Vətən müharibəsində qazandığımız şanlı zəfər qarşımızda yeni reallıqların yaranmasını şərtləndirmişdir. Əlbəttə, hadisələrin sürətli inkişafı hədəf və məqsədlərimizə də yenidən baxmağı və bu xüsusda daha çevik addımlar atmağı tələb edir. Bu mənada, Yeni Azərbaycan Partiyasının VII qurultayı həm partiyamızın, həm də dövlətimizin qarşısında duran vəzifələrin müəyyən olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası ölkəmizdə gedən ümumi inkişaf tendensiyalarından kənarda qala bilməzdi. Nəzərə alaq ki, islahatların mühüm istiqamətlərindən birini də məhz siyasi islahatlar təşkil edir. YAP isə öz təcrübəsinə və zəngin dövlətçilik ənənələrinə görə bu prosesin önündə dayanmalıdır. Bir sıra partiyaların YAP-a qoşulması da bu mənada, əlamətdar hadisə olmaqla ölkəmizin siyasi palitrasında hakim partiyaya olan inam və etimada dəlalət edir. Bu, onu göstərir ki, Yeni Azərbaycan Partiyasının təbliğ etdiyi ideya və dəyərlər universaldır, cəmiyyətin bütün təbəqələrinin maraqlarını əhatə edir və Azərbaycan güclənməsini istəyən bütün siyasi qüvvələr onun ətrafında birləşərək öz məqsədlərini realizə edə bilərlər. Beləliklə, partiyamızın məramı, proqramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir.

Hörmətli birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın partiyamızın sədr müavini təyin olunması YAP-ın tarixində yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. İndiyə qədər əldə etdiyimiz bütün zəfər və nailiyyətlərdə Prezident İlham Əliyevin ən yaxın silahdaşı kimi əvəzsiz xidmətləri olan Mehriban xanımın YAP sədrinin müavini vəzifəsinə təyin olunması partiyanın yeni dövrün çağırışlarına daha effektiv və çevik şəkildə cavab verməsinə zəmin yaradacaq. Məlum olduğu kimi, Mehriban xanım müharibə dövründə və sonra hərbçilərimizin sosial-məişət şəraitinin yaxşılaşdırılması, yaralı hərbçilərimizin müalicəsi və reabilitasiyası, şəhid ailələrinin hərtərəfli qayğı ilə əhatə olunmasını fədakarcasına öz üzərinə götürmüş və bu istiqamətlərdə yorulmaz fəaliyyəti ilə həssas kontingentin tam etimadını qazanmağa nail olmuşdur. Təsadüfi deyil ki, cənab Prezident qurultayda xüsusi olaraq diqqətə çatdırdı ki,YAP da bu kateqoriyadan olan insanlara daim qayğı və diqqət göstərməlidirlər. Bu mənada, hörmətli birinci vitse-prezidentimizin Yeni Azərbaycan Partiyasının rəhbər heyətində təmsil olunması partiyanın humanitar fəaliyyətində inqilabi bir irəliləyişə səbəb olacaq.

Bildiyiniz kimi, bu gün xalq olaraq qarşımızda dayanan əsas hədəf Böyük Qayıdış proqramı çərçivəsind məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılmasına nail olmaqdır. Yeni Azərbaycan Partiyası isə ölkənin aparıcı siyasi təşkilatı olaraq bu prosesin də önündə dayanaraq öz olunu oynamalıdır. YAP təşkilatı təcrübəsi və ətrafında birləşdirdiyi böyük insan resursunun sayəsində bu ali məqsədimizin reallaşmasında önəmli töhfələr verə bilər.
Qurultayda YAP-ın sədri, Prezident İlham Əliyev partiyaya 3 aya yeni proqram hazırlamağı tapşırdı. Bu da ondan irəli gəlir ki, artıq reallıqlar dəyişib. Vətən müharibəsindəki qələbədən sonra qarşıda yeni hədəflər, yeni missiyalar var. Yaşadığımız hibrid müharibə çağının reallıqlarına uyğun olaraq, YAP Azərbaycana qarşı aparılan informasiya hücumlarına qarşı mübarizədə ön sıralarda dayanmalı, bir sipər funksiyasını yerinə yetirərək dövlətimizə yönəlmiş hibrid təhdidlərin zərərsizləşməsində önəmli rol sahibi olmalıdır.

Struktur dəyişikliyi edilərək Partiyanın Mərkəzi Aparatının formalaşdırılması yeni hədəflər uğrunda çevik qərarların qəbulu və innovativ həll mexanizmlərinin tətbiqinə şərait yaradacaq.

Bir sözlə, YAP-ın həm struktur, həm də proqram baxımından özünü yeniləməsi, habelə rəhbər vəzifələrə edilmiş uğurlu kadr təyinatları, bütövlükdə ölkənin siyasi həyatına dinamizm gətirəcək.

Elşad Mirbəşiroğlu
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü

Azvision.az üçün


Teqlər: YAP  





Xəbər lenti