“Hərbçilər daim dövlətin qayğısı ilə əhatə olunub” - Spiker

  09 Mart 2021    Oxunub : 1647
  “Hərbçilər daim dövlətin qayğısı ilə əhatə olunub” -   Spiker
Ölkəmizdə ordu quruculuğu, silahlı qüvvələrin kompleks inkişafı və modernləşdirilməsi məsələləri ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Şanlı ordumuzun vəziyyəti və nailiyyətləri Milli Məclisin iclaslarında da dəfələrlə vurğulanıb və yüksək qiymətləndirilib.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova deyib.

Spiker bildirib ki, bu gün dünyanın güclü orduları sırasında layiqli yer tutan Azərbaycan Ordusu Vətən Müharibəsinin gedişində ölkəmizin və dünyanın hərb tarixinə yeni şanlı səhifələr yazıb:

"Bunu da unutmaq olmaz ki, erməni faşizmi üzərində qələbə silahlı qüvvələrimizin texnoloji təminatı hesabına deyil, əsgər və zabitlərimizin mərdlik və şücaəti, fədakarlığı sayəsində əldə edilib. Möhtərəm Prezidentimizin dediyi kimi, “bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. ...bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir". Bununla əlaqədar xüsusi qeyd etmək istəyirəm ki, hərbi qulluqçuların təminatının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi ölkəmizdə həyata keçirilən hərbi siyasətin ən mühüm istiqamətlərindən birini təşkil edir. Bildiyiniz kimi, bu günlərdə post-müharibə dövrünün bir sıra təhdidləri, xidmətin xüsusiyyətləri, qulluq və sosial-məişət şəraitinin mürəkkəbliyi nəzərə alınaraq hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələr müəyyən edilib. Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədində və Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlı kontingentinin yerləşdirildiyi zonaya bitişik ərazilərdə hərbi xidmət keçən hərbi qulluqçuların vəzifə maaşlarına 100 faiz həcmində müddətli əlavələr təyin edilib. İşğaldan azad edilmiş və hazırda infrastruktur qurulmayan ərazilərdə hərbi xidmət keçən hərbçilərin vəzifə maaşlarına isə 50 faiz həcmində müddətli əlavələr təyin olunub.

Biz hamımız yaxşı bilirik ki, maaş əlavələri ilə bağlı bu qərar zaman tələb edən bir prosesin nəticəsində qəbul olunub. Bütün bunlar onu göstərir ki, hərbi qulluqçular dövlətin daimi qayğısı ilə əhatə olunurlar və onların problemlərinin həlli hər zaman olduğu kimi bundan sonra da dövlətimizin rəhbərliyinin diqqət mərkəzində olacaqdır.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Spiker   Milli-Məclis