Bu səbəbdən, sadalanan süni maneələrin ünvanlarının müəyyən edilərək aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir. Belə ki, Xidmətin əməkdaşları tərəfindən reydlər keçirilir, mənzil kommunal təsərrüfatı birlikləri, mənzil tikinti kooperativləri və digər aidiyyəti müəssisə və təşkilatlar qarşısında məsələ qaldırılaraq göstərilən maneələrin demontaj edilməsinə nail olunur, vətəndaşlarla maarifləndirici söhbətlər aparılaraq acı nəticələrə səbəb ola biləcək problemin mahiyyəti izah edilir, habelə kütləvi informasiya vasitələrinin imkanlarından istifadə edilməklə, o cümlədən sosial videoçarxların yayımlanması vasitəsilə yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının vacibliyi diqqətə çatdırılır.
"Bir daha vətəndaşlara müraciət edərək fərdi və ictimai təhlükəsizliyə xüsusi həssaslıqla yanaşaraq baş verə biləcək istənilən fövqəladə hadisə zamanı qəza-xilasetmə bölmələrinin operativ və effektli fəaliyyətinə maneə yarada biləcək addımlardan çəkinməyə çağırır və xatırladırıq ki, Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliyə əsasən, bina və qurğulara, yanğınların söndürülməsi üçün istifadə edilən su mənbələrinə sərbəst yanaşmaq üçün gedən yolların, keçidlərin və girişlərin tutulması qəti yolverilməz olmaqla hüquqi məsuliyyət yaradır", - deyə FHN-nin məlumatında bildirilir.


Azvision.az