“2008-ci ildə Tərtər istiqamətində gedən döyüşlərdə düşmənə ağır zərbələr vurmuşduq. O zaman qəlpə yarası almışdım. Başımda qəlpə qalır, həm də kəllə-beyin travması almışdım. 2014-cü ildə Gədəbəy istiqamətində hərbi vəzifələri yerinə yetirərkən posta gedəndə döyüş maşını ilə çətin dağ şəraitində avtoqəzaya düşdüm. İkinci dəfə kəllbə-beyin travması aldım. 2017-cü ildə xəstəliklə əlaqədar ehtiyata buraxıldım, II qrup Qarabağ əliliyəm. 2020-ci ilin Vətən Müharibəsində könüllü şəkildə əlilləri aparmamalarına baxmayaraq, özüm təkid edərək xidmətə bərpa olundum. Oktyabrın 20-nə qədər Cəbrayılın Daşkəsən kəndi, Seyidlər kəndi, Hadurutun alınması istiqamətlərində artilleriya qoşunlarının tərkibində könüllü xidmət göstərmişəm. Oktyabrın 20-dən sonra Müdafiə Nazirliyinin əmri ilə N saylı hərbi hissədə artilleriya rəisi vəzifəsində çalışdım. Həmin istiqamət Ağdərə, Suqoşuvan və Talış istiqamətinə düşür”.
E.Hüseynov bildirib ki, əvvəllər Tərtər istiqamətində xidmət etdiyi üçün düşmənin mövqelərinə yaxşı bələd olub:
“Buna görə də düşmənin qüvvələri dəqiq artilleriya zərbəsi nəticəsində susdurulurdu. Dəqiq zərbələrimiz nəticəsində onlar ağır itkilər verirdi. Raket-artilleriya ordunun əsas qüvvələrindəndir. Biz düşmənin mövqelərinə zərbə endirdikdən sonra kəşfiyyat, quru bölmələri üçün yol açırdıq ki, onlar tapşırıqları icra etsin. Hər qələbə xəbəri orduda böyük ruh yüksəkliyi yaradırdı, hər kəs ancaq irəli getməyi düşünürdü. Xidmətlərimə görə Ali Baş Komandan tərəfindən "Vətən müharibəsi iştirakçısı” və “Hərbi Xidmətlərdə Fərləndiyinə görə” medalları ilə təltif edilmişəm”.
Hazırda hərbi müəllim işləyən qazi Vətən uğrunda hər zaman xidmət göstərməyə hazır olduğunu qeyd edib:
“Səhhətimdəki problemlərə baxmayaraq, lazım olarsa yenidən döyüşməyə hazıram. Dekabrın 31-də təxris olundum. Daha sonra Sumqayıt Reabilitasiya Mərkəzinə əvvəl müraciət etdiyim üçün müalicəyə çağırıldım. Bundan öncə aldığım xəsarətlərə görə ayağımda aşıq sümüyünün nekrozu. Əməliyyat olunmalıyam. Sümük çürüyür, belimdə həm də yırtığ var. Burada müəyyən müddət müalicə aldım, lazımi xidmətlər göstərildi. Bura gələndə ayağımı ata bilmirdim, müalicə olundum, indi yaxşıyam.
Hazırda hərbi müəllim kimi dərs deyirəm. 1996-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən qiymətləndirilən 5 əlaçı tələbən biri olmuşam. İlqar Mirzəyev bizim ilk müəllimimiz, komandirimiz olub. Düşmənə əsir düşməmək üçün özünü öldürən şəhid Qərib Baxşəliyev bizimlə oxuyub. Qazilik də, şəhidlik də Allahdandır".
Qeyd edək ki, 1995-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olan E.Hüseynov burada artilleriya ixtisası üzrə təhsil alıb. 1998-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, birdəfəlik pul mükafatı olan “Prezident təqaüdü” ilə təltif olunub. Ali Hərbi Məktəbi “Ziya Bünyadov” təqaüdü ilə oxuyub. 2008-ci ildə hərbi hissədə xidməti dövründə düşmənin təxribatının qarşısını alan zaman artilleriya atəşinə rəhbərlik edib, düşmən ağır itkilər verib.
2009-2011-ci illərdə Silahlı Qüvvələrin Hərbi Akademiyasını müvəffəqiyyətlə bitirib. 10.07.2017-ci ildə səhəti ilə əlaqədar olaraq ehtiyata buraxılıb. Müdafiə Nazirliyi tərəfindən 1-ci, 2-ci və Dərəcəli “Qüsursuz xidmətlərə görə” medalları ilə təltif olunub.
Aytən Zəhra
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


