Sarkisyanın Bakıda olması yalanını kim yayıb? - ŞƏRH

Sarkisyanın Bakıda olması yalanını kim yayıb? -  ŞƏRH
  09 Mart 2021    Oxunub:4081
Ermənistanın daxili siyasətindəki xaotik durum davam edir. Ölkə gündəmi hərbi çevrilişə cəhd, baş nazir Nikol Paşinyanın istefasını tələb edən aksiyalarla zəgindir.
Belə bir gərgin vəziyyətdə neytral mövqe sərgiləyən Ermənistan prezidenti Armen Sarkisyan da artıq gündəmə gətirilib. Erməni KİV-ləri iddia ediblər ki, guya Ermənistan prezidenti ötən il Bakıda olubmuş.

Maraqlıdır, indiki gərgin vəziyyətdə baş nazirlə yanaşı artıq prezidentin də “vurulması” nəyə və ya kimə xidmət edir?

Məsələni Azvision.az -a şərh edən politoloq Elxan Şahinoğlu deyib ki, Ermənistan prezidenti Armen Sarkisyanı dolaşdırmağa çalışıblar:

“Erməni saytlarından biri xəbər yaydı ki, guya Armen Sarkisyan ötən ilin noyabrın 17-də Bakıda olub. Armen Sarkisyanın təlimatı ilə prezident aparatı dərhal açıqlama yayaraq xəbərin dezinformasiya olduğunu, dövlət başçısının noyabrın 17-də Bakıya gəlmədiyini, ümumiyyətlə həyatı boyu heç zaman Azərbaycan paytaxtında olmadığını bəyan edib. Açıqlamada daha sonra bildirilir ki, Armen Sarkisyan ötən ilin noyabrın 17-də Kanadanın Ermənistana yeni təyin olunan səfiri ilə görüşüb. Göründüyü kimi, prezidentə onun guya Bakıda olması xəbəri yaman pis təsir edib. Təkzib açıqlamasını dərhal yaymaqla göstərmək istəyir ki, o məğlub olduğu ölkənin ayağına getməzdi. Əsas sual budur: Sarkiyasının guya Bakıda olması xəbəri niyə yayılıb və bu kimin maraqlarına xidmət edir? Böyük ehtimalla, prezidentin nüfuzuna zərər vurmaq üçün xəbəri müxalifət dairələri yayıblar”.



Müxalifətin son günlər Armen Sarkisyandan narazılığının artdığını deyən politoloq prezidentin “vurulması”nı, nüfuzdan salınması kampaniyasının arxasında da onların dayandığını düşünür:

“Müxalifət hesab edir ki, baş nazir Nikol Paşinyanla baş qərargah rəisi Onik Qasparyan arasındakı qarşıdurmada Sarkisyan daha qətiyyətli mövqe tutmalı idi. Armen Sarkisyan isə Paşinyanın Qasparyanı istefaya göndərməsi sənədinə imza atmasa da, davam edən gərginlikdə məsuliyyəti Konstitusiya Məhkəməsinin boynuna atmağa çalışır. Müxalifət prezidentin Konstitusiyaya görə məhdud səlahiyyətlərini nəzərə almaq istəmir. Ona görə də müxalifət və onun nəzarətindəki saytlar Paşinyandan sonra Sarkisyanı da hədəf götürüblər. Baş naziri nüfuzdan salmaq üçün “Paşinyan türkdür” şüarlarını səsləndirirlər, Armen Sarkisyan haqqında isə “prezident Bakıda olub” dezinformasiyasını yayırlar. Oyun davam edir. Ermənistan daxilində informasiya və dezinformasiya müharibəsinin hədəfləri və miqyası getdikcə böyüyür”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Dezinformasiya   Bakı  



Xəbər lenti