Sarkisyan Qasparyana görə Konstitusiya Məhkəməsinə müraciət etdi

 Sarkisyan Qasparyana görə Konstitusiya Məhkəməsinə müraciət etdi
  10 Mart 2021    Oxunub:2895
Ermənistan prezdenti Armen Sarkisyan Baş Qərargah rəisi Onik Qasparyanla bağlı Konstitusiya Məhkəməsinə müraciət edib.
Azvision.az xəbər verir ki, Ermənistan prezidentinin saytında məlumat yayılıb.

“Konstitusiyanın 169-cu maddəsinin 1-ci hissəsinin 4-cü bəndini rəhbər tutaraq, prezident Sarkisyan “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” Qanununun Konstitusiyaya uyğunluğunun müəyyənləşdirilməsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib".

Sarkisyan hesab edir ki, Konstitusiya Məhkəməsi qanunla müəyyən edilmiş səlahiyyətlər çərçivəsində bu məsələni hərtərəfli araşdırmaq və qərar qəbul etmək imkanına malikdir.

Prezident, uyğun bir qərarın ən qısa müddətdə qəbul edilməsinin hüquqi əminlik yaradacağına və mövcud böhranın həllinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Xatırladaq ki, bundan bir qədər əvvəl baş nazir Nikol Paşinyan Onik Qasparyanın 10 mart tarixindən etibarən vəzifəsindən azad edildiyi barədə bəyanat verib. Paşinyan bildirib ki, ölkə prezidentinə təqdim olunan fərman layihəsini imzalamayıb, qanunla müəyyən edilmiş müddətdə Konstitusiya Məhkəməsinə müraciət etməyib. Bununla da Qasparyan vəzifəsindən azad edilmiş hesab olunur.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ArmenSarkisyan   Ermənistan   Prezident  



Xəbər lenti