Bakının sufi dərvişi – ARAŞDIRMA

Bakının sufi dərvişi – ARAŞDIRMA
  24 Fevral 2014    Oxunub:2241
Baba Kuhi Bakuvi: `Mən ruhumdan bədənimi yudum`
Haqqında danışacağımız şəxsin bioqrafiyası hər zaman mübahisə doğurub. Bu şəxs X- XI əsrlərdə yaşamış görkəmli sufi şairi, dövrünün elm xadimi Baba Kuhi Bakuvidir. Bu şəxs indinin indisində də sirli bir övliya sayılır. Guşənişin halda məskunlaşdığı dağda qəbri uzun müddət ziyarət obyekti olub.

Elmi tədqiqatlarda da gizli qutu kimi qalan Kuhi tam dərindən araşdırılmayıb. Azərbaycan alimlərindən Solmaz Rzaquluzadə, Zakir Məmmədov, Məsiağa Məhəmmədi, Sənan İbrahimov onun barədə araşdırmalar aparıblar.

Sənə çatanda bildim
Sənə gedən Yolam mən...


X əsrin sonları... Şərq öz elmi, mədəni və mənəvi intibahının bir addımlığındadır. O şəhərdən bu şəhərə alimlər, şairlər, fəqih və mütəsəvviflər get-gəl edirlər. Aralarındakı əlaqənin genişlənməsi mədəni rəqabətə yol açır. Elmi, islamı və təsəvvüfü təbliğ və tədris edən ocaqlar, mədrəsələr, zaviyələr tikilir. Bu zaman müsəlman şərqinin sayılıb-seçilən şəhərlərindən biri olan Bakıdan Baba bəy adlı bir elm fədaisi biliklərini zənginləşdirmək, dünyagörüşünü artırmaq məqsədilə yola düşür.

Əslində o, missionerdir. Təmsil etdiyi sufi təriqətinin konsepsiyasını başqa şəhərlərdə yaymaq, İlahi eşqi insanlar arasında təbliğ etmək işini üzərinə götürüb. Belə insanlara o zaman mühəddislər deyirlərmiş. Yəni hədis toplayanlar. Hədis, yəni, hikmətli həyat hekayələrini toplayıb, onları daşıyıcıları olduğu hər hansı sufi cərəyanının nəzəri-konsepsiyası ilə əlaqələndirirmişlər. Yəni, təcürübə ilə nəzəriyyə burada bir araya gəlirmiş.

Baba bəy Nişapura yol alır. Çünki, X əsrin sufizm mərkəzi məhz, ora idi. Orta əsr alimi Ənsarinin dediyinə əsasən Baba bəy Kuhi Nişapura varınca fasilələrlə bəzi şəhərlərdə məskunlaşır, oranın elmi, mənəvi aurası, bir sıra dəyərli alimlər ilə tanış olur. Bu ərəfələrdə o hətta 30000-ə yaxın hədis də toplayır. Əvvəlcə Şiraza gəlir və orda Şərqin böyük alimi yəni, “Şeyx Kəbir”i adlanan Hafifi ilə tanış olur. Bu tanışlıq ona əşərilik cərəyanını sevdirir. Sonra Bağdada, daha sonra isə Nişapura gedir. Amma o heç yerdə qərar tuta bilmir. Bir dərviş kimi öz missiyasında çox maraqlı olan Baba bəy sufizmin sirlərinə vaqif olmaqdan ötrü dövrün böyük alimlərinin Kuşayrinin, Xereqaninin, Sərracinin, Əbu Yəzdinin cəm olduğu Nişapurda o biri şəhərlərə nisbətən xeyli müddət qalır. Amma yenə də bu uzun və mürəkkəb eşq yolunda könlünü tam olaraq işıqlandıra bilmir. Könlünün hürr, ruhunun quş misalı olmasına çalışan Baba bəy dövrünün beyin mərkəzini də tərk edir.

Böyük şərqşünas Bertels də öz əsərində belə qeyd edir: “Kuhi ora sufizmin möcüzələrini öyrənməyə getmişdi. Amma buna nail olmadığı üçün bədbinlik içində oranı tərk edir”.

Kuhi nə deməkdir? O necə dağa döndü?

Nişapuru tərk edən zaman Baba Bakuvinin nə az, nə çox, düz 97 yaşı olur. Amma o, yenə də uzun həqiqət yolçuluğundan usanmır. Sükunətə qapılmaq, yalnız Allahla ünsiyyətdə olmaq istəyir. Odur ki, səssiz-səmirsiz insanları tərk edir və Şiraz yaxınlığında bir dağa çəkilir. 20 il guşənişin ömür sürür. Məskunlaşdığı dağı da könlündəki İlahi nura bürüyür. 117 yaşında vəfat edir və həmin dağda dəfn olunur. Məzarı ilə öz mənəvi təcəssümünü məskunlaşdığı dağa aşılaya bilir.

Beləcə, insanda cəm alan işıq, dağı müqəddəsləşdirir. İnsanlar onun məzarına müqəddəs yer kimi baxır. Özü ölür və işığını dağda qoyub gedir. Beləliklə, insan bax beləcə dağa dönərək əbədi olaraq bəşəriyətin xidmətində dayanır. Ona görə də o, Kuhi (yəni, `dağ`) təxəllüsü ilə xatırlanır. Xatırlanır və əfsanələşir. Rəvayətə görə Şərqin böyük şairi Hafiz Şirazi gecə ikən o sufinin dağdakı qəbrini ziyarət edir və ondan sonra şairlik istedadı qazanır.


Başqa bir rəvayətə görə, Şirvanşahlardan birinin qızı öz mərhum sevgilisinə yaxın olmaq, onun qəbrinə və bütün müsəlman aləmindən ziyarətinə gələnlərə qulluq eləmək məqsədilə buraya gəlir öləndə isə onun yanında dəfn olunur.

Baba Kuhi Bakuvi haqqında başqa bilgilər.

Baba Kuhi Bakuvi sağlığında da belə böyük hörmət-izzət qazanmışdı. Adına hətta Abbasqulu ağa Bakıxanovun "Gülüstani-İrəm" əsərində onun barəsində bu kimi fikirlərə rast gəlinir:
"Tarixçilərin dediyinə görə, Şeyx Əbu Abdulla Əli bin Məhəmməd Bakılı həm dünyəvi, həm də ruhani elmlər sahəsində seçilirdi. O, uşaqlıq illərindən dövrünün ən görkəmli alimlərindən şeyx Abdulla Xəfifdən, şeyx Əbül-Qasım Quşeyridən və başqalarından dərs almış, məşhur şeyx Əbu Səid Əbül -Xeyrlə elmi mübahisəyə girişmiş və onun biliyini yüksək qiymətləndirən şeyx Əbül-Abbas Nəhavəndi ilə uzun müddət əlaqə saxlamışdır. Ömrünün son illərində o, xəlvətə çəkilərək, Şiraz yaxınlığında bir mağarada yaşamış, Şərqin ən savadlı alimləri burada onun ziyarətinə gəlmişlər”.

Baba Kuhi Bakuvi haqqında məlumatlara Sara Aşurbəylinin "Orta əsrlər Bakısının tarixinə dair oçerk" kitabında da rast gəlirik: "Baba Kuhi batinidir. Lakin batiniliyin diapozonu o qədər genişdir ki, bu məsələ üzərində xüsusilə konkret bir şəkildə dayanmaq lazım gəlir... Belə hesab edirlər ki, o, sufidir. Bəzi tədqiqatçılar isə düşünürlər ki, o qələndər idi. Qələndərlər isə heç də bütün məsələlərdə sufilərlə uzlaşmırdılar." Baba Kuhi Bakuvinin ərəb dilində bizə gəlib çatmış fəlsəfi əsərləri arasında "Əxbar əl-arifin", "Əxbar əl-qafilin", "Bədayət hal əl-həllac" və başqalarının adını çəkmək olar. Bunlardan başqa onun farsca şerlər divanı da olmuşdur.

Akademik Aqafangel Krımski bu "Divan" haqda yazır: "Bu, sufi divanları arasında ən qədimlərindən biridir. Burada çox zaman sufinin Allaha oxuduğu yanıqlı məhəbbət nəğmələrini canlı, nazənin bir gözələ vurulmuş gənc bir oğlanın ehtiraslı mahnılarından ayırmaq çətinlik törədir:

"Mənim könlüm sıxılır, ancaq cananımın eyninə deyil,
Hicrindən xəstə olmuşam, ancaq o mənə dərman vermək istəmir
Gözlərimdən qan yaş axır, buludlardan yağan yağışdan da güclü
Ancaq onun dodaqları qaçır, qəlbimin yarasını sarımaq fikrində deyil."


Bu divanın ən qədim əlyazmalarından birinin tarixçəsi olduqca maraqlıdır. İran alimi Həbibullah İmad öz evində təmir işləri apararkən divardan bir sandıq tapır. Sandığın içindən çıxan bir neçə əlyazmanın arasında Bakuvinin "Divan"ının qədim nüsxəsi də vardı.

Baba Kuhi əsərlərində gizli şifrələr

Kuhinin həm “Divanında”, həm də digər fəlsəfi mətnlərində dərin mənaya malik, orijinal fəlsəfi fikirlər, İlahi hikmətlər var. Bəzilərinə diqqət edək:

“Yoxdur ruhların mürəkkəbliyi, hamı bilir ki, onlar torpaqdan yaranıb. Kuhi ürəyini bədəninin təbindən siləndən sonra nəhəng bir dəryaya düşdü”.


Bu fikir vəhdəti-vücud fəlsəfi konsepsiyasının əsas müddəalarını özündə əks etdirir. Belə ki, vəhdəti-vücudda `insan dəryadan ayrılan damlalar kimi, ilahi vücuddan ayrılmış zərrələrdir` düsturu bu nəzəriyyənin ana qayəsini əks etdirir. Kuhi da bunu çox gözəl vurğulayıb. Damcılar sonradan yenə dəryaya qayıdan kimi, insanlar da zərrə kimi yenidən öz əslinə qayıdır. Şair də onu vurğulayır:
Mən ruhumdan bədənimi yudum və böyük dəryaya düşdüm, həyat haqqındakı həqiqətləri dərk etdim.


Başqa bir nümunə:

Bir anda bütün əbədiyyətin sirri mənə açıldı, sirlər dünyassının qapısı üzüümə açıldı. ,O canımın qulağından yapışıb mənə başqa qədəh verdi, dedi, məni özündən və başqa adamlardan fərqləndir. Dedi, Kuhi, mən bütün adları sifətləri, qurunu, yaşı, xeyri şəri nəyi görürəmsə, fərqləndirirəm.

Burda isə o, həyatda bütün var olanların vəhdətdə olma məqamını açıqlayır. Həqiqətən də bütün var olanlar vahid bir harmoniya altında hərəkətdədirlər.

P.S. Bizi də Baba Kuhi ilə bu harmoniya birləşdirir.

Nihat Nazim (Ağ Sufi)
Xüsusi olaraq AzVision.az üçün



Teqlər:  





Xəbər lenti