Dünya Bankı Azərbaycanda inklüzivlik siyasətini uğurlu sayır
O qeyd edib ki, hesabatda Azərbaycanda “Məcburi köçkünlərin iqtisadi inkişafına yardım layihəsi” təhlil edilib. İlk dəfə təqdim olunan “İqtisadi İnklüzivliyin Vəziyyəti” 2021-ci il hesabatı ifrat yoxsul və həssas əhali qrupları üçün nəzərdə tutulan iqtisadi inklüzivlik proqramlarının qlobal qiymətləndirilməsini aparıb.
Hesabat bu sahədə əhəmiyyətli məlumat boşluğunu doldurmağa çalışmaqla, iqtisadi inklüzivlik proqramlarının ilk dəfə sistematik icmalını təqdim edir, ölkələrin sosial müdafiə sisteminə, yeni iş yerləri və minimum iqtisadi vasitələr ilə təminata investisiyaları artırmaq yolları və maliyyə əlçatanlığı ilə ən yoxsul əhalinin özünə layiqli gələcək qurmaq imkanlarını aydınlaşdırır. 219 aktiv iqtisadi inklüzivlik proqramı həyata keçirən 75-dən çox ölkə təcrübəsi təhlil edilərək hazırlanan hesabat iqtisadi inklüzivlik və məzun proqramlarının genişləndirilməsi imkanlarını da araşdırır.
Hesabatda bildirilir ki, baza-xərc strukturunun dəqiqləşdirilməsi iqtisadi inklüzivlik proqramlarının xərc səmərəliliyin daha yaxşı qiymətləndirməyə şərait yaradır. Hesabat hökumət və qeyri-hökumət proqramlarının xərc təhlilinin mürəkkəbliyini azaltmaq üçün yeni imkanlar açır.
Qeyd edilir ki, iqtisadi inklüzivlik proqramlarının ümumi dəyərinin hesablanmasında “etiket qiyməti” (price tag) yanaşması yanlış ola bilər. Belə ki, iqtisadi inklüzivlik proqramlarının dəyəri qrantlar, pul köçürmələri, aktiv və ya istehsal vasitələri tranfertləri və sosial müdafiə ödəmələri formalarından birini istifadə edərək yaradılan dəyərlə müəyyənləşir. Hesabatın nəticələrinə əsasən, təhlil olunan 219 iqtisadi inklüzivlik proqramlarının müəyyən dövr üçün (ortalama 3 il yarım) adambaşına yaratdığı dəyər 41 ilə 2253 ABŞ dolları (2011-ci il alıcılıq qabiliyyəti pariteti üzrə) arasında dəyişir. Azərbaycan bu göstərici üzrə adambaşına 2056 ABŞ dolları dəyər yaratmaqla ən yuxarı sıralardadır.
İnklüzivlik proqramlarının xərclərinə gəldikdə insan resursları və işçi xərcləri daha çox nəzərə çarpan xərc amilləridir. Xərc göstəriciləri proqramın növündən də birbaşa asılıdır deyən baş analitik qeyd edib ki, hesabata əsasən, Azərbaycanda seçilmiş proqram əsasən iqtisadi fəaliyyətin inkişafına və özünüməşğulluğa yönəldiyi üçün əsas xərc komponenti ümumi xərcin 56 faizini təşkil etməklə aktiv transfertləri təşkil edir. Çatdırılma və işçi xərclərinin ümumi xərclərdə dəyəri üzrə Azərbaycan 14 faizlə təhlil olunan proqramlar üzrə orta göstərici olan 13 faizdən cüzi fərqlənir.
“Hesabata əsasən, inklüzivlik proqramlarında həssas əhali qrupunun iqtisadi inkişafını təmin etmək üçün aktiv transfertlər (adambaşına düşən orta illik istehlakın 67 faizini təşkil edən 1469 ABŞ dolları dəyərində) göstəricisinə görə Azərbaycan sıralanan ölkələr arasında liderdir. “Məcburi köçkünlərin iqtisadi inkişafına yardım layihəsi” çərçivəsində verilən qrantlar bankda hesab açıb hüquqi şəxs kimi aidiyyəti qurumlarda qeydiyyatdan keçib biznes fəaliyyətinə başlamağa imkan verir.
Beləliklə hesabatın hazırlanması zamanı aparılan təhlillər göstərir ki, Azərbaycan həssas əhali qrupunu layiqli həyat şəraiti ilə təmin etmək üçün iqtisadi inklüzivlik proqramlarını uğurla həyata keçirir və bu təcrübədən Qarabağa böyük qayıdış prosesində geniş istifadə olunacaq”, - deyə G.Quliyeva əlavə edib.
Azvision.az
Teqlər: Dünya-Bankı