“Sosial şəbəkələr intiharların artmasına səbəb olur” - Mütəxəssis
Onun sözlərinə görə, özünə sui-qəsd cəhdləri və intihar prosesi ilə bağlı hamı tərəfindən qəbul edilən səbəb və izahat olmasa da, müxtəlif faktorların təsiredici rolu haqqında geniş müzakirələr mövcuddur.
"Amerika Uşaq və Yeniyetmələr Psixiatriya Akademiyası tərəfindən təqdim edilən məlumatlarda 15-24 yaş arası uşaqlar, yeniyetmələr və gənclərin ölümünə səbəb olan ikinci faktor kimi intihar göstərilir. İntihar etməyə cəhd göstərən uşaq və yeniyetmələrin əksəriyyətində xüsusilə depressiya kimi ruhi xəstəliklərin mövcudluğu qeyd olunur. Həmçinin, COVID-19 pandemiyası dövründə təhsil və digər fəaliyyətlərlə bağlı məhdudiyyətlərin yaranması, evdə yaranan gərginlik və izolyasiya kimi səbəblər məktəblilər arasında intiharların artmasına səbəb ola biləcək faktorlar qismində qiymətləndirilir.
ABŞ-ın Milli Uşaq Ölümləri Məlumat Bazası (NCMD) tərəfindən təqdim olunan hesabatda səbəblərin dəqiq bilinməməsi ilə bərabər pandemiya dövründə evəqapanmalar, təhsil prosesinin üzbəüz formada keçirilməsində yaranan məhdudiyyətlər, qayğı və dəstək xidmətlərinin təqdim olunmasında yaranan fasilələr uşaq və yeniyetmə intiharlarına gətirib çıxaran səbəblər siyahısında qeyd edilir. Əlavə olaraq, pandemiya dövründə evəqapanmalar və izolyasiya prosesi məktəblilərin həmyaşıdları və ya dostları ilə sosiallaşma fəaliyyətləri üçün internetdən və sosial şəbəkələrdən istifadəsini artırıb".
K.Abbaslı qeyd edib ki, sosial şəbəkələrdən istifadənin genişlənməsi intihar risklərinin artmasına səbəb olur.
"Mövzu ilə əlaqəli aparılmış tədqiqat nəticələri intiharların artmasına səbəb olan faktorların tam olaraq müəyyənləşmədiyini göstərsə də, sosial media istifadəsindəki artımın intiharı düşünmə və həyata keçirmədə təsirli ola biləcəyini təsdiqləyir. Xüsusilə, son zamanlar müşahidə olunan intihar hadisələrində kiber zorakılıq da səbəblərdən biri olaraq vurğulanıb. Uşaq və yeniyetmələrin kiber zorakılığa məruz qalmasının intihar düşüncəsini və təşəbbüsünü artırdığı qeyd olunub".
Mütəxəssisin sözlərinə görə, son aylar Azərbaycanda məktəblilərin rəqəmsal texnologiyalardan və sosial şəbəkələrdən istifadəsi ilə bağlı aparılmış genişmiqyaslı tədqiqatın nəticəsi onların bir qisminin kiber zorakılığa meyilli olduqlarını, bir qisminin isə kiber zorakılığa məruz qaldıqlarını göstərir.
"Əlavə olaraq sorğuda iştirak edən məktəblilərin ən azı 22%-i internetdə narahatedici bir situasiya ilə, yəni kiber zorakılıq ilə qarşılaşdığı zaman bu vəziyyəti heç kimlə paylaşmadığını ifadə edib. İnternetdən istifadənin sərhədlərinə nəzarətin çətin olduğu dövrdə məktəblilərə hansı halların kiber zorakılığın göstəricisi olub-olmadığı barədə məlumat verilməsi mühümdür. Həmçinin, onların kiber zorakılıqdan necə qorunmağın mümkünlüyü və kiber zorakılıq ilə qarşılaşdıqları zaman mövcud durum ilə necə mübarizə apara biləcəkləri, dəstək üçün kimlərə müraciət edə biləcəkləri mövzusunda maarifləndirilməsi böyük əhəmiyyət kəsb edir.
Bu işdə əsas öhdəlik valideyn və müəllimlərin üzərinə düşür. Vəziyyət ilə əlaqəli mübarizə məktəb-müəllim-valideyn üçbucağında aparılmalıdır. Həm müəllimlər, həm də valideynlər məktəblilərin virtual aləmdə təhlüksəzliyini təmin etmək üçün onlara lazımi bilik və bacarıqları aşılamaq işini qarşılıqlı əməkdaşlıq formasında həyata keçirməlidir. Bunun üçün həm müəllimlərin, həm də valideynlərin qarşılaşıla biləcək risklərin fərqində olmaları xüsusi əhəmiyyət daşıyır".
Qeyd edək ki, son günlər ölkəmizdə intihar hallarının artması müşahidə edilir. Belə ki, bir neçə gün əvvəl Abşeron rayonu, Qobu qəsəbəsində 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdləri 2005-ci il təvəllüdlü Quliyeva Mətanət Elşən qızı və 2004-cü il təvəllüdlü Səmədova Əfruz Rafiq qızı martın 9-da hündür mərtəbəli binanın damından özlərini ataraq intihar ediblər. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma başlanılıb.
Azvision.az
Teqlər: Yeniyetmə İntihar Məktəbli







Vaxtında, Aydın, Lazımlı!


