Bu ildən fərdi reabilitasiya proqramına başlanılır

 Bu ildən fərdi reabilitasiya proqramına başlanılır
  12 Mart 2021    Oxunub:1895
Təəssüflər olsun ki, ölkə üzrə neçə əlilin reabilitasiya xidmətinə ehtiyacının olduğunu deyə bilməyəcəm. Bugünə qədər o hesabatlılığı təmin edə biləcək sistemimiz mövcud deyil. Əlilliyi olan şəxslərin hamısının demək olar ki, reabilitasiyaya ehtiyacı var.
Bunu Azvision.az -a Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Reabilitasiya və İstehsalatın Təşkili Departamentinin direktoru Çingiz Hacıyev deyib.

“Elə insan var ki, onları reabilitasiya xidmətinə cəlb edə bilsək, yüksək nəticə əldə edə, əlilliyinin dərəcəsinin aşağı salınmasını, fiziki məhdudiyyəti aradan qaldıra bilərik. Amma elə insan da var ki, xəstəliklə, sosial mühitlə əlaqədar belə nəticə əldə edə bilmərik. Çünki əlilliyi olan hər bir insanın özünəməxsus reabilitasiya potensialı var. Bizim hədəfimiz ümumi əlillik statusu alan şəxslərin reabilitasiya potensialının müəyyən edilməsidir. Biz artıq bu prosesə başlamaq istəyirik”.

Departament direktoru əlavə edib ki, Nazirlər Kabinetinin qərarına əsasən, bu ildən fərdi reabilitasiya proqramına başlanılır.

“Əlilliyi olan hər bir şəxsin müalicəsi, cəmiyyətə inteqrasiyası üçün müəyyən reabilitasiya vasitələrinə ehtiyac var. Bu proqram çərçivəsində məqsəd əlilliyi olan hər bir şəxsi reabilitasiya vasitələri ilə təyin etmək və nəticəyə yönəlmiş tədbir görməkdir. Bu halda reabilitasiya fərdi olur.

Təəssüflər olsun ki, əlillyi olan şəxslərin düşüncəsində reabilitasiyaya istirahət kimi baxılır, əlbəttə, istirahətin də reabilitasiyaya təsiri var. Amma reabilitasiya ağır və iki tərəfin - vətəndaşın və reabilitasiya müəssisəsinin cəlbinin lazım olduğu prosesdir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Əlillik   Realibitasiya  






Xəbər lenti