ÜST rəhbəri “AstraZeneca” ilə bağlı iddialara aydınlıq gətirdi
Azvision.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.
“Bəzi ölkələr “AstraZeneca” peyvəndinin ikinci dozasını alan vətəndaşlarda qan laxtalanmasının olması məlumatlarını əsas götürərək vaksinasiyanı təxirə salıblar. Lakin Avropa Dərman Agentliyi peyvəndlə qan laxtalanması arasında əlaqəyə dair hər hansı bir işarə olmadığını bəyan edib. Agentlik peyvəndlə bağlı araşdırmaları apararkən vaksinasiya davam edə biləcəyini vurğulayıb”.
Qebreyesus ÜST-ün Qlobal Peyvənd Təhlükəsizliyi Məsləhət Komitəsinin peyvəndlərin təhlükəsizliyini sistematik olaraq nəzərdən keçirdiyini bildirib. Onun sözlərinə görə, “AstraZeneca” haqqında iddialar diqqətlə araşdırılır.
“ÜST tövsiyələrdə hər hansı dəyişiklik olarsa, bu barədə ictimaiyyətə məlumat verəcək”,- deyə Baş direktor əlavə edib.
COVAX platforması çərçivəsində 38 ölkəyə 29 milyona yaxın peyvənd paylandığını deyən T.A.Qebreyesus bildirib ki, ümumilikdə 144 ölkədə 335 milyon insan vaksinasiya olunub.
“Bunlardan 76 milyonu 10 ölkədə edilib. Peyvəndlərin adalətsiz paylanılması pandemiyanın sona çatmasının qarşısında böyük təhdiddir. Bütün ölkələr peyvənd istehsalını artırmaq üçün lazım olan ləvazimatları təcili əldə etməlidir. Qlobal pandemiya ilə heç bir ölkə təkbaşına mübarizə apara bilməz. Virus uzun müddət qalarsa, peyvəndlərin az təsirli olduğu yeni mutasiyaların ortaya çıxması ehtimalı yüksəkdir”.
Aytən Zəhra
Azvision.az
Teqlər: ÜST Koronavirus Vaksinasiya







Vaxtında, Aydın, Lazımlı!


