ABŞ erməni terrorçunu niyə azad etdi? - Sahib Alıyevin şərhi

  ABŞ erməni terrorçunu niyə azad etdi? -    Sahib Alıyevin şərhi
  14 Mart 2021    Oxunub:3862
Los-Anceles məhkəməsi 1982-ci ildə Türkiyənin bu şəhərdəki baş konsulu Kamal Arıkanı qətlə yetirdiyinə görə ömürlük həbs kəsilən Hampinq Sasunyanı azadlığa buraxır, ABŞ-ın dövlət katibi Entoni Blinken isə bundan təəssüfünü dilə gətirir. Yəqin yenə də “demokratiya bax budur, ABŞ-da məhkəmələr tam müstəqildir” deyənlər tapılacaq. Amma ən azı son bir neçə ildə orada baş verənləri, o sıradan da məhkəmələrin bəlli çevrələrin təsiri altında hansı addımlar atdığını izləyənlər yaxşı bilirlər ki, Amerikada demokratiya harda başlanır, harda bitir və cənab Blinken də təəssüfündə nə qədər səmimidir.
Eyni zamanda informasiyalı adamlar onu da gözəl bilirlər ki, Los-Anceles məhkəməsinin bu qərarında hay lobbisinin təsiri ikinci dərəcəlidir. Əgər böyük güclər xəstə bir toplumun Sasunyan kimi yaramaz təmsilçilərindən gələcəkdə də öz məqsədləri üçün faydalanmaq niyyəti güdməsəydilər, o, azadlıq üzü görməzdi.

Sasunyanı azadlığa buraxdıranlar yaxşı fərqindədirlər ki, bu ötən əsrdə törətdikləri 373 terror aktıyla 2 mindən artıq dinc azərbaycanlının həyatına son qoyan xəstə toplumun təmsilçilərini bizə və türkiyəlilərə qarşı növbəti oxşar addımlara sövq edəcək. Sasunyanın azadlığa buraxılması, fikrimcə, həm də Ermənistanda revanşizm haqqında düşünənlərə dolayı dəstək, onları Türkiyə və Azərbaycanla düşmənçiliyi bundan sonra da davam etdirməyə həvəsləndirməkdir.

Hay terroru hansı ad altında reallaşdırılmasından asılı olmayaraq, həmişə geosiyasi mahiyyət daşıyıb və bu xəstə topluma başucalığı gətirmədiyi kimi heç bir dvident də verməyib. Və Türkiyə dövlətinin təmsilçilərinə qarşı törədilən terror aktları guya uydurma soyqırıma görə qisas kimi təqdim edilsə də, qətiyyən belə deyildir. Bunun üçün sadəcə, hayların partiya adı altında fəaliyyət göstərən 3 qədim terror qruplaşması - “Hınçaq”(1885), “Armenakan”(1887) və “Daşnaksutyun”(1890)un yaranma tarixlərinə nəzər salmaq yetər.

Necəki bu terror qruplaşmalarını yaratmaqda məqsəd haylardan da alət kimi faydalanmaqla Osmanlını çökdürmək idisə, sonra yaradılanlardan da Türkiyəni gücdən salmaq və xristian-müsəlman qarşıdurması müstəvisində digər geosiyasi niyyətləri reallaşdırmaq üçün istifadə olunur.

Maraqlıdır deyilmi, nədənsə 20-ə yaxın hay terorror dəstəsinin yarıdan çoxu məhz qərbdə yaradılıb: “Hay soyqırımının ədalət komandosu” (1972-ci il, Vyana), “Orli Dəstəsi” (1981-ci il, Fransa) “İntiharçılar Eskadronu” (1981-ci il, Fransa), Demokratik Cəbhə” (1983-cü il, ABŞ), “9 İyun dəstəsi” (1991-ci il İsveçrə), “Gənc Haylar Birliyi” (1991-ci il, Fransa), “Azadlıq Uğrunda Hay hərakatı” (1991-ci il, Fransa), “Hay Dirəniş Təşkilatı”- ( 1997-ci il Fransa).

Yeri gəlmişkən, ilk hay terror yuvalarının- “Hınçaq”la və “Armenakan”ın da vətəni Avropaydı. Onlardan birincisi 1885-ci ildə Marseldə, ikincisi isə 1887-ci ildə Cenevrədə fəaliyyətə başlamışdı.

Terror törətdikləri zaman yaxalanan hayları da ya birbaşa məhkəmə salonundan, ya da müəyyən bir müddətdən sonra həbsxanalardan açıb buraxanlar da məhz həmən qərb dövlətləridir. Özü də bu tendensiya ötən əsrin əvvəllərində necə idisə, indi də o cür davam edir.

Xatırladım ki, ötən əsrin 20-ci illərində Azərbaycan Xalq Cümhuriyyətinin və Osmanlı imperiyasının Daxili İşlər nazirləri Behbud xan Cavanşirlə Tələt Paşanı öldürən daşnak Misak Torlakyanla Soqomon Teyleryan tutulsalar da, hər ikisinə bəraət verilmişdi. Birinci halda bunu İngiltərə qoşunlarının hərbi məhkəməsi, ikinci halda Berlin məhkəməsi etmişdi.
Sonralar Monte Melkonyan, Varjuan Karapetyan, Alek Yeniqomşayan və ondan artıq digər zibilyanlara yanaşmada da oxşar addımı Fransa və İsveçrə məhkəmələri atmışdı. Bu isə təbii ki, xəstə toplumun təmsilçilərini yeni terror aktlarına həvəsləndirirdi. Nəticədə cəmisi on ildə ayrı-ayrı ölkələrdə 36 türk diplomatı öldürülmüşdü ki, onun da dördü ABŞ-da çalışanlardı. Bunu 1983-cü ildə “Tayms” dərgisi yazırdı.

Yeri gəlmişkən, ABŞ məhkəməsi də İngiltərə, Almaniya, Fransa və İsveçrəninki sayaq davranmış, 1973-cü ildə Türkiyənin Los-Ancelesdəki baş konsulu Mehmet Baydarla digər diplomatı Bahadır Dəmiri güllələyən Qurgen Yanikyanı az bir müddətdən sonra azadlığa buraxmışdı. Və məhz Türkiyənin Los-Ancelesdəki növbəti baş konsulunu qətlə yetirən Hampinq Sasunyan ömürlük həbsə məhkum edildikdən sonra Amerikada türk diplomatlarına qarşı hay terroru səngimişdi.

Həmən Sasunyanın açılıb-buraxılması isə əvvəl də vurğuladığımız kimi artıq yenidən terrorçulara yaşıl işıq yandırmaq deməkdir. Və mən bu fikirdəyəm ki, ABŞ-ın bir neçə konqresmeninin bu yaxınlarda hazırladıqları qətnamylə (orada Azərbaycan əleyhinə digər maddələrlə yanaşı 44 günlük savaşdan sonra Qarabağa terror məqsədiylə göndərilənlərin Ermənistana verilməsi tələbi də qoyulub) Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkanı qətlə yetirən Hampinq Sasunyanın azadlığa buraxılması bir-birinə bağlı məsələlərdir.

Bundan Amerika nə qazanacaq bilmirəm, amma itirəcəyi xeyli şeylər var ki, dövlət katibi Blinkenin haqqında söz açdığımız təəssüfnaməsi rəsmi Vaşinqtonun da onu gözəl anladığını göstərir.

Sahib Alıyev
Milli Məclisin deputatı

Azvision.az


Teqlər: Sahib-Alıyev   Deputat  






Xəbər lenti