“Tiqranakertlə bağlı saxta mifik hekayə bitdi” - Prezidentin köməkçisi

    “Tiqranakertlə bağlı saxta mifik hekayə bitdi” -    Prezidentin köməkçisi
  14 Mart 2021    Oxunub:6128
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter hesabında Ağdamın Şahbulaq qalasından video paylaşıb.
Azvision.az xəbər verir ki, Hikmət Hacıyev bu sözləri yazıb: “Şahbulaq. Ağdam. Tiqranakertlə bağlı saxta mifik hekayə bitdi”.



Qeyd edək ki, bu gün Azərbaycan Prezidentinin tapşırığına əsasən bir qrup yerli media orqanı və QHT-lərin rəhbərləri, blogerlər və ictimai fəallar işğaldan azad olunan Ağdam rayonuna səfər ediblər. Onları səfər zamanı Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.

Xatırladaq ki, Qarabağ ərazisindəki ən məşhur abidələrdən biri Ağdam rayonunun ərazisindəki XVIII əsə aid Şahbulaq qalasıdır. Ağdam şəhərinin 10 kilometrliyində, Şahbulaq kəndi yaxınlığında yerləşən bu qala 1751-1752-ci illərdə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən inşa edilib. Elmi ədəbiyyatda “Şahbulaq qəsri” adı ilə tanınan abidə əslində iri qəsr kompleksinin iç qalası olub. Saray kompleksi yerli inşaat materialları əhəngdən və dağ daşlarından inşa edilib. Kompleks yaşayış evlərindən, bazar, hamam və məsciddən ibarət idi. Kompleksin ətrafı mühafizə divarları, nəzarətçi qüllələri ilə əhatələnib. Divarların hündürlüyü 7 metr, qüllələrin hündürlüyü 8,5 metrdir. Kompleksin yeganə girişi Şərq tərəfdəndir. Şahbulaq saray kompleksinin şimal-qərbində, bulağın yaxınlığında məscid də inşa edilib. Qəsr adını gur sulu bulağın adından alıb.

Pənahəli xan Şuşa qalasını inşa edənədək Şahbulaq qalası Qarabağ xanlığının inzibati mərkəzi olub. Şahbulaq tikililəri Qarabağ xanlığının, xüsusilə də onun paytaxtı olmuş Şuşa şəhərinin memarlığına təsir göstərib.

Hazırda Şahbulaq qəsr kompleksindən təpə üzərində ucalan qala və məscid binası qalıb. Düşmən 1993-cü ildə Ağdamı işğal etdikdən sonra bir sıra abidələrimiz kimi, Şahbulaq qalasını da erməniləşdirməyə çalışıb, lakin buna nail olmayıb.

Azvision.az


Teqlər: Hikmət-Hacıyev   Ağdam   Şahbulaq  






Xəbər lenti