Köçkünlər üçün tikilmiş 50 mənzil şəhid ailəsi və qazilərə verilib

Köçkünlər üçün tikilmiş 50 mənzil şəhid ailəsi və qazilərə verilib
  15 Mart 2021    Oxunub:3539
Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlərlə təminatı proqramı ildən-ilə genilşlənir və keçmiş məcburi köçkün ailələri üçün inşa olunmuş yaşayış komplekslərinin bu kateqoriyalardan olan vətəndaşlara verilməsi işləri aparılır. Həmin yaşayış komplekslərindən biri olan, Bakının Ramana qəsəbəsindəki doqquzmərtəbəli 30 bina, 1512 mənzildən ibarət kompleksdən də şəhid ailələri və müharibə əlillərinə mənzillərin verilməsi işləri davam edir.
Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamı həm 2014-2019-cu illərdə uçota alınmış şəxslərin, həm də 2020-ci ildə hərbi əməliyyatlar, o cümlədən Vətən müharibəsi zamanı şəhid olanların ailələri və müharibə əlillərinin 5 il ərzində mərhələli şəkildə mənzil və ya fərdi evlərlə təmin olunmasını nəzərdə tutur:

"Beləliklə, 2021-2025-ci illərdə 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, fərdi evlə təmin ediləcək. O cümlədən, 2021-ci ildə 3 min mənzil və fərdi evin onlara təqdim edilməsi nəzərdə tutulur ki, bu da mənzil və fərdi evlə təminat proqramının 2018-ci ilə nisbətən 5 dəfəyə yaxın genişləndiyini göstərir. Bu ilə dair plan üzrə artıq 50 mənzil verilib".

Xatırladaq ki, şəhid ailələri və müharibə əlillərinə 2018-ci ildə 626, 2019-cu ildə 934, 2020-ci ildə 1572 mənzil və fərdi ev verilib. Bu günə qədər isə 9200 şəhid ailəsi və müharibə əlili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzil və fərdi evlə təmin edilib, həmçinin ötən dövrdə müharibə əlillərinə 7200 minik avtomobili verilib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Şəhid   Mənzil  






Xəbər lenti